Bu gün Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında vizasız rejimin qüvvəyə minməsinin 1 ili tamam olur. Ötən 1 il ərzində Gürcüstan vətəndaşları Avropa ölkələrinə vizasız səfər edə biliblər.
Bəs vizasız rejimin tətbiq edilməsi Gürcüstana nə qazandırdı?!
Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə vizasız axını hər hansı problemin yaranmasına gətirib çıxardımı?!
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a deyib ki, viza rejiminin ləğv olunmasının üstünlükləri mövcuddur.
“Təbii, Avropa ilə Gürcüstan arasında viza rejiminin ləğv edilməsinin üstünlükləri də var. Bu bir il ərzində uğurlu işlər çox oldu. Gürcüstan Avropaya inteqrasiya olunur. Bu bir il ərzində Gürcüstanda yaşayan azərbaycanlılar və gürcülər Avropanın bir çox ölkələrinə vizasız gedib-gəliblər. Gürcüstanın Bolnisi, Marneuli vilayətində yaşayan soydaşlarımız əsasən Almaniyaya, İtaliyaya, Polşaya gediblər və orada iş tapanlar daha çoxdur. Gənclərin çoxu Polşaya üz tutur”.
Deputat Gürcüstan vətəndaşlarının çox aşağı əməkhaqqına Avropa ölkələrində işlədiyini də vurğulayıb.
“Avropa vətəndaşı saatda 20 avro qazanırsa, Gürcüstan vətəndaşları 5 avroya işləyirlər. Avropada fəhlə qüvvəsi ucuzdur. Ona görə də vətəndaşlarımız ucuz işçi qüvvəsi kimi tanınır”.
Azər Süleymanov vizasız rejimin ləğv olunma ehtimalını da dilə gətirib.
“Avropanın Gürcüstan qarşısında vizasız rejimi dayandırmaq təhlükəsi də var. Buna səbəb Avropaya gedənlərin çoxluğudur. Gürcüstandan Avropa ölkələrinə gedənlərin sayı həddindən artıq çoxdur. İl ərzində 7 mindən çox insan viza rejiminə əməl etməyərək qaydaları pozub ki, bu da Gürcüstanla viza rejiminin ləğv edilməsi məsələsini gündəmə gətirib”.