Avqust ayının 3-də Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni ilə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Metyu Brayza görüşü keçirilib. Görüşdə R. Zeyni ilk öncə Metyu Brayzanı ABŞ-ın Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə Milli QHT Forumu adından təbrik edib, ona can sağlığı və fəaliyyətində uğurlar arzu edib.
MQF mətbuat xidmətindən Modern.az-a bildirilib ki, keçirilən görüş zamanı Rauf Zeyni səfirə Forum haqda məlumat verib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti, nailiyyətləri və problemləri haqda danışıb. Səfir Metyu Brayza isə öz növbəsində Rauf Zeyniyə təbrikinə görə minnətdarlığını bildirib və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının ABŞ üçün daim prioritet olduğunu qeyd edib, bu sektorun mövcud vəziyyəti və problemləri ilə maraqlanıb.
Söhbət zamanı vətəndaş cəmiyyətinin bundan sonrakı inkişaf mərhələləri haqqında geniş müzakirə aparılıb. Həmçinin, görüşdə QHT-lərin inkişafı üçün münbit şəraitin yaradılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, QHT- hökumət münasibətləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi, regionda sülhün, stabilliyin daimi təmin olunması və digər məsələlər də geniş müzakirə olunub.
Modern.az