Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov növbəti seçici qəbulu keçirib.
Modern.az xəbər verir ki, 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən vətəndaşlar qəbul zamanı onları narahat edən məsələləri qaldırıblar. Görüş zamanı əsasən məşğulluq, sosial təminat və bir sıra hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov vətəndaşların şifahi və yazılı müraciətlərini dinləyib və qəbul edib.
Millət vəkili vətəndaşları şikayət və təkliflərinin hərtərəfli araşdırılıb qanunvericiliyə uyğun addımların atılacağını qeyd edib.
Qəbul zamanı Elşad Həsənov seçiciləri 11 aprel prezident seçkilərində fəal olmağa və Prezident İlham Əliyevə səs verməyə çağırıb. Elşad Həsənov ölkə rəhbərliyinin vətəndaşların sosial durumunun yaxşılaşdırılması ilə bağlı son zamanlar imzaladığı sərəncamlar barədə məlumat verib, qəbul olunmuş qərarların insanların maddi rifahının yaxşılaşdırılmasına və ölkəmizin yeni inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.