Modern.az

Azərbaycandan daha 40 nəfər əlil Ukraynaya yola salınıb

Azərbaycandan daha 40 nəfər əlil Ukraynaya yola salınıb

Təhsil

5 Avqust 2011, 10:33

Cari ilin iyul-avqust aylarında Azərbaycandan olan 80 nəfər əlilin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq 4 avqustda vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.

Qeyd edək ki, adıgedən müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan bir sanator müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.

Əlillərin adıgedən mərkəzdə yerləşməsi və  müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunublar.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım