Tanınmış jurnalist Aidə Eyvazlı “Aprel döyüşləri”ndə şəhid olmuş polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə ilə birgə təşkilat yaradıb.
Sevinc Əlizadə Modern.az saytına “Aprel-2016 şəhid ailələrinə dəstək” ictimai birliyinin görəcəyi işlərdən söz açıb:
“Təşkilatın fəaliyyət nizamnaməsində qeyd olunub ki, nəinki aprel şəhidləri, digər şəhidlərə də dəstək olacağıq. Sadəcə olaraq bizim təşkilatın adını “Aprel-2016“ qoymaqda məqsədimiz həmin tarixi əbədiləşdirməkdir. Qarabağ döyüşlərindən tutmuş bütün döyüşlərimizdəki şəhidlərin xatirəsini əbədiləşdirmək, gənclər arasında təbliğat aparmaq, yeni nəsildə fikir formalaşdırmaq üçün bu təşkilatı yaratdıq. Vətəni sevdirmək, onun uğrunda canından keçən igidlərin qəhrəmanlığını cəmiyyətə çatdırmaq əsas məqsədimizdir.
Biz artıq aprel şəhidlərinin ildönümü ilə bağlı böyük tədbir-təqdimat keçirdik. Öncəliyi gənclərə verdik. Çünki gələcək onların əlindədir. Biz tarixi hadisələri görmüşük, Qarabağ bizim qan yaddaşımızdır. Gənclərə də eynilə düşməni, dostu, qəhrəmanlarımızı tanıtmaq lazımdır. Tədbirimizə həm də “Aprel döyüşləri”ndə şəhid olanların yaxınları, qazilər dəvət edilmişdi. Şəhid ailəsinə itirdikləri yaxınının və ya övladının daim yada salındığını, xatırlandığını görmək lazımdır. O ailələrin mənəvi dəstəyə ehtiyacı var və biz artıq bunu etdik. Gələcəkdə də bu cür tədbirlərin, təbliğat işlərinin görülməsi planlaşdırılır”.
S.Əlizadə qeyd edib ki, şəhidlərimiz ibtidai siniflərdən başlayaraq tanıdılmalıdır:
“Biz hələ ki təbliğ işləri görürük. Amma gələcəkdə imkanlarımız genişlənsə, xeyirxah insanların gücü ilə şəhid ailələrinin kiçik məişət, sosial problemlərini həll etməyə çalışacağıq. O cümlədən hüquqi problemlərinin həlli istiqamətində işlər görəcəyik. Bilirsiniz ki, mən hüquqşünasam. Bu baxımdan bacardığım qədər onlara dəstək olacam”.