Dövlət başçıları öz ölkələrini prezident saraylarından idarə edirlər. Amerika Birləşmiş Ştatlarında bu iqamətgah Ağ Ev, Fransada Yelisey sarayı, Rusiyada Kreml sarayı, İtaliyada Kvirinal sarayı, Almaniyada Bellevü sarayı, Ukraynada Mariinski sarayı adlanır.
İndi dünyada iki əsas siyasi mərkəz olaraq Vaşinqtondakı Ağ Ev və Moskvadakı Kreml daha məşhurdur. Məhz bu iqamətgahlardan dünyada gedən bütün siyasi proseslərə bu və ya digər dərəcədə təsir edilir.
Ən yaxşı layihələr əsasında tikilən prezidentlərin daimi iş yeri olan bu saraylar həm də tarixi binalar sayılırlar.
Azərbaycan Respublikası Prezidentinin daimi iş yeri Prezident sarayı adlanır. Bu Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və İşlər İdarəsinin yerləşdiyi inzibati binadır.
Prezident sarayı sovetlər dönəmində, 1920-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi adlanırdı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və Azərbaycan SSR-in institusional strukturları ləğv olunduqdan sonra bu bina ali hakimiyyət iqamətgahı statusunu saxlayıb və hakimiyyət orqanlarının yeni adlarına müvafiq olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası adlanmağa başlayıb.
2005-ci ildə bu bina özünün yüksək rəmzi mənasını haqlı olaraq vurğulayan yeni ad alıb - Prezident sarayı.
Prezident sarayı - özündə başqa mənalar konfiqurasiyası daşıyır. Burada əsas vurğu Prezident hakimiyyətinin yüksək dərəcədə rəmzi məna daşıması - onun sanbalı, suverenliyi, aşkarlığı, legitimliyi, milli identikliyi məsələləri ilə bağlıdır. Yeni ad gerb, himn, bayraq, konstitusiya kimi rəmzi əlamətlərlə bir sırada səslənir. Prezident sarayı, dəyişməklə bərabər, öz baza xarakteristikalarında milliliyi qorunub saxlanmış Azərbaycan dövlətinin təkamül yolunu əks etdirən yeni siyasi dilin nişanəsidir.
Prezident sarayı mərmər və qranit üzlüklü 12 mərtəbəli binadır. Prezident sarayının tikilməsinə dair işlərə 1977-ci ilin oktyabr ayında Azərbaycanın o zamankı rəhbəri mərhum Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Sarayın layihə rəhbəri Fuad Orucov, memarı Tahir Allahverdiyev, konstuktoru Mədət Xələfovdur. Sarayın inşasına 1978-ci ildə başlanıb, 1986-cı ildə bina istifadəyə verilib.
Ölkə rəhbərliyi o zaman sarayın tikintisi üçün onun yerləşdiyi ərazini təsadüfən seçməyib. Burada fiziki yüksəklik hakimiyyətin mənəvi xarakteristikalarını - dövlətə həvalə edilmiş vəzifələrin aliliyini, onların aşkarlığını, hamının gözü qarşısında olmasını təcəssüm etdirir. Binanın memarlıq simasına xas olan sərt sadəlik və möhtəşəmlik Azərbaycan xalqının tarixi inkişaf təcrübəsində iz qoymuş zamanın əlamətləridir.
Modern.az