Gəncədə tikilən yeni yaşayış binalarının sənədləri yoxlanılır. Çünki tikilən yeni binaların heç biri istismara qəbul aktı almayıb. Bu barədə Modern.az-a Gəncənin baş memarı Allahverdi Əliyev məlumat verib.
Allahverdi Əliyev hazırda Gəncədə 25 hüquqi və fiziki şəxs tərəfindən yüksək mərtəbəli binalar tikildiyini, 25 binadan yalnız 1-nin istismara qəbul olunduğunu bildirib. Qalanları isə istismara yararsız hesab edilir.
Allahverdi Əliyevin sözlərinə görə, qəbul aktı almaq üçün tikinti sahiblərindən müraciətlər daxil olub. Lakin onların tikdikləri binalar standartlara cavab vermədiyi üçün istismar aktı ala bilmirlər.
Sözügedən tikililərin yalnız birinci mərtəbələri qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğundan həmin mərtəbələr tam istismara buraxılıb.
Qeyd edək ki, yeni binalarda mənzil alan şəxslərin çoxu bu tikililər üçün istismara qəbul aktı verilməli olduğundan xəbərsizdirlər. Bina sahibləri bundan istifadə edərək mənzil alanların hüquqlarını pozublar. Belədə onlar İnzibati Xətalar Məcəlləsinin 196 maddəsinə əsasən, 15 min manatdan 30 min manatadək cərimə ilə cəzalandırıla bilərlər.
Gəncənin baş memarı hazırda şəhərdə olan yeni tikililərin sənədlərinin yoxlanıldığını vurğulayaraq qeyd edib ki, bu prosesdən sonra sənədləri qaydasında olan binaların istismara verilməsi məsələsinə baxılacaq. Bunun üçün Gəncədə təxminən 15 nəfərdən ibarət istismara qəbul üzrə Dövlət Komissiyası yaradılacaq. Bu komissiyanın üzvləri müxtəlif qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Qaz İstismarı Sahəsinin və Elektrik Şəbəkəsinin nümayəndələrindən ibarət olacaq. Onların hər biri öz sahəsi üzrə binaları yoxlayıb, rəy təqdim edəcəklər.
Xaliq Qurbanov
Gəncə