“Bir qrup mühacirin Azərbaycan hakimiyyətinin yüksək vəzifəli şəxslərinə və onların ailə üzvlərinə qarşı sosial mediada apardığı söyüş kampaniyası həmin insanların hansı əxlaqi dəyərələrə sahib olduğunu göstərir”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov son günlərin əsas müzakirə olunan məsələsinə münasibət bildirirkən deyib.
Söyüşün heç vaxt heç kimə başucalığı gətirmədiyini vurğulayan deputatın sözlərinə görə, həmin şəxslər bu hərəkətlərilə özlərini gözdən salır, onları kənardan izləyənlərin nifrətini qazanırlar:
“Bu cür ucuz yol iradəsi zəif insanların yoludur. Onların niyyətləri, fəaliyyətləri Azərbaycan dövlətinə, xalqına, hakimiyyətinə qarşı yönəlib. Guya, demokratiya tərəfdarıdırlar, amma Avropa standartlarından danışan, sivil cəmiyyət tərəfdarı olan şəxslər heç vaxt söyüş söymək kimi ən axırıcı yolə əl atmamalıdır. Təəssüf ki, Avropada oturub antiAzərbaycan qüvvələrin alətinə çevrilmiş həmin ünsürlər, adamın onlara azərbaycanlı deməyə də dili gəlmir, sübut edirlər ki, yeri gəlsə düşmənlə də anlaşıb Vətəni belə sata bilərlər”.
Rüstəm Xəlilov Avropadan Azərbaycan hakimiyyətinə qarşı söyüş söyünlərə çağırış edərək deyib ki, nə qədər gec deyil, bu kampaniyaya son qoymalı, söyüşdən əl çəkməlidirlər:
“Onların məqsədi aydındır: əsas hədəfləri ölkədə gərginlik yaratmaq, vətəndaş qarşıdurmasına nail olmaqdır. Amma anlamırlar ki, xalq hər şeyi bilir, görür, qiymətləndirməyi bacarır. Ona görə də nə qədər ki gec deyil, bu kampaniyaya son qoymalıdırlar. Gün gələcək, ölmək üçün bu yurda dönmək istəyəcəklər. Bax onda bu müqəddəs yurdun nə insanları, nə də torpağı onları qəbul edəcək”.