Modern.az

Dövlətqaçqınkom”dan köçkün probleminin həllinə hesablanmış daha bir addım

“Dövlətqaçqınkom”dan köçkün probleminin həllinə hesablanmış daha bir addım

3 Aprel 2018, 18:00

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən il martın 9-da Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin qəzalı binalardan köçürülməsinə həsr etdiyi müşavirədə  deyilənlərin icrası gerçəkləşməkdədir.
Həmin müşavirədə birinci vitse-prezident bildirmişdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

“Dövlətqaçqınkom”dan Modern.az-a bildirilib ki, elə müşavirədən dərhal sonra Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən «Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması» layihəsinin icrası çərçivəsində işlərə başlanıldı və bu işlər mərhələli şəkildə bu gün də davam etdirilir.


Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınıb. Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası»nın tələblərinə uyğun olaraq “Dövlətqaçqınkom”un müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi başa çatdırılıb.

Köçürülmə prosesi başa çatdıqdan sonra yeni binalara yerləşdirilmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatlarının müxtəlif şəhər və rayonlarda olduğu, bəzilərinin  “məcburi köçkün” vəsiqəsinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsinin vacibliyi üzə çıxıb. Bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun müvafiq əmri ilə komissiya yaradılıb

“Dövlətqaçqınkom”un aidiyyatı struktur bölmələrinin məsul əməkdaşlarının tərkibinə daxil edildiyi komissiyaya yeni binalara köçürülmüş məcburi köçkünlərin qeydiyyatının təmin edilməsi məqsədilə qısa vaxt ərzində onların əvvəllər müvəqqəti qeydiyyatda olduqları rayonların icra hakimiyyətlərini və Komitənin bütün rayonlar üzrə sektorlarını da bu işə cəlb etməklə qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin kartların Xətai rayon sektoru tərəfindən yerində təsdiq edilməsini, həmin məcburi köçkün ailələrinin elektron formada və təsdiq edilmiş qaydada adlı siyahılarının dəqiqləşdirilməsini və Komitəyə təqdim olunmasını, məcburi köçkünlərin vəsiqələrlə təmin edilməsini və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.


Komissiyanın fəaliyyəti və qarşısında duran vəzifələrlə bağlı müraciətimizə cavab olaraq komissiyanın rəhbəri Regional İdarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin müdiri Cövdət Mehdixanlı da Modern.az-a bildirib ki, məcburi köçkünlər daim dövlətin və şəxsən Prezidentin hər zaman diqqət və qayğısı ilə əhatə olunub.

“Həmişə, hər an onların bütün problemlərinə çox həssaslıqla və operativ şəkildə yanaşılmış, eyni zamanda bu istiqamətdə bir yenilik kimi baş tutan bu tədbiri onların müxtəlif problem və qayğılardan azad edilməsinə hesablanmış addımların bir hissəsi hesab etmək olar.

Belə ki, konkret olaraq bu kompakt məskunlaşma obyektində Vahid Pəncərə Sisteminin tətbiq edilməsi və məcburi köçkünlərin ASAN şəkildə sənədləşmə işinin aparılması və paralel olaraq qeydiyyat kartlarının açılması, kommunal xidmət təşkilatlarındakı xidmət kartlarınnı onların adına yerindəcə rəsmiləşdirilməsi, məcburi köçkün vəsiqəsi ilə təmin olunmayan məcburi köçkünlərə yeni vəsiqələrin hazırlanması işləri komissiya üzvləri tərəfindən operativ şəkildə icra olunmuşdur. Bundan sonra da işlərin səmərəliliyinin artırılması məqsədi ilə Komitə rəhbərliyi tərəfindən komissiya üzvlərinə digər kompakt məskunlaşma yerlərində də bu cür tədbirlərin keçirilməsi tapşırılmışdır.

Elə bunlara görədir ki, qeyd olunan məsələlərlə bağlı, bir-birinin ardınca Komissiya üzvlərinin çalışdığı qərargaha müraciət edən və məsələlərinin yerindəcə həll olunduğundan razılıqlarını bildirən məcburi köçkünlər də “Dövlətqaçqınkom”un bu təşəbbüsünü dövlət başçısının onlara qayğısı kimi dəyərləndiriblər”.


Köçkün Könül İbrahimova: “
Biz indiyədək Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmışdıq. Bu illər ərzində nələr çəkdiyimizi heç kəsə arzulamıram. Bu gün isə cənab Prezidentin və çox hörmətli Mehriban xanım Əliyevanın biz məcburi köçkünlərə qayğısı sayəsində hərtərəfli şəraitlə təmin edilmiş və çoxdan arzusunda olduğumuz belə bir binada yaşayırıq. Mənzil problemimiz öz həllini tapıb. Dövlətqaçqınkomun bu təşəbbüsü isə bizi bir çox qayğılardan azad edib. Çünki əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaq, burada qeydiyyata düşmək üçün Binəqədi-Xətai rayonları arasındakı get-gəllərdən canımız qurtarıb. Buna imkan və vaxtımız da yoxdur. Mən bu məsələ ilə bağlı komissiyaya müraciət etdim, olduqca səmimi və xoş münasibətlə rastlaşdım. Müraciətim diqqətlə dinlənildi və yerindəcə özünün müsbət həllini tapdı. Bütün bunlara görə əməyi olanların hər birinə minnətdarlığımı bildirirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış