Bu günkü görüş uğursuz Kazan danışıqlarının nəticələrinin müzakirəsinə həsr olunacaq
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə Soçiyə səfər edəcək. Modern.az bildirir ki, bu görüşlə bağlı Rusiya prezidentinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ probleminin tənzimlənməsi və Xəzər dənizinin hüquqi statusu əsas müzakirə mövzuları olacaq.
“İki liderin görüşündə Azərbaycan-Rusiya münasibətlərinin aparıcı sahələrinə dair, habelə regional məsələlər haqda, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılacaq”.
Prezidentlər həmçinin Xəzərin statusuna dair davam edən təmaslar kontekstində hüquqi status mövzusunu və 2010-cu ilin noyabrında Bakıda keçirilmiş üçüncü Xəzər sammiti qərarlarının icrası vəziyyətini müzakirə edəcəklər. Medvedev və Əliyev habelə ötən ilin sentyabrında Rusiya liderinin Bakıya səfəri zamanı əldə edilmiş iqtisadi-ticarət, enerji, sərmayə-bankçılıq və humanitar sahələrində əldə edilmiş sazişlərin icrasına diqqət yönəldəcəklər.
Ekspertlər hesab edir lər ki, uğursuz Kazan görüşündən sonra Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində söz yiyəsi olaraq qaldığını nümayiş etdirmək üçün intensiv fəaliyyət göstərir. Bununla yanaşı, Rusiyanın təkbaşına vasitəçilik missiyasının uğuruna şübhə edənlər də kifayət qədərdir. Onlar hesab edirlər ki, bütün hallarda münaqişəinin tənzimlənməsi üçün ABŞ-ın prinsipial mövqe razılaşdırılması qaçılmazdır.
Modern.az