Prezident İlham Əliyev Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 1 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Prezident digər sərəncamı ilə Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 12 milyon manatı Gənclər və İdman Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.