Azərbaycanlı jurnalistin 2008-ci ildə baş verən beş günlük mühairbə barədə təəssüratları
2008-ci ilin avqustunda dünya Rusiya –Gürcüstan müharibəsinin başlanması xəbəri ilə yuxudan ayıldı. Bütün Avropanı və Qafqazı silkələyən beş günlük müharibə özünün bir sıra fəsadları ilə yanaşı, ciddi müzakirələri gündəmə gətirdi. Həmin müharibə zamanı jurnalistlər də ön sırada idilər. Cəbhə xəttindən canlı yayınlar və reportajlar o zaman hərbi əməliyyatlar barədə təsəvvürlərə unikal imkan yaradırdı. Azərbaycanlı jurnalistlərdən də bir neçə nəfər bu müharibəni işıqlandıran beynəlxalq media qurumlarının əməkdaşları arasında olub. Jurnlaist İdrak Abbasov gürcü-rus müharibəsinin ən qaynar yerində - Qoridə olub. Modern.az-a müsahibəsində o, özünün bu müharibə ilə bağlı təəssüratlarını bölüşdü.
- Gürcüstan-Rusiya müharibəsi başlayanda “Ayna-Zerkalo” qəzetinin redaksiyasında qərara gəldim ki, gedib müharibədə jurnalist kimi iştirak edim və məlumatlar ötürüm. Bu barədə baş redaktor Elçin Şıxlı ilə müzakirə etdik və o razı oldu. Mən avqustun 10-da Gürcüstana getdim.
“Hamı Azərbaycan sərhəddinə tərəf qaçırdı”
- Gürcüstana gedəndə müharibə ilə bağlı hansı təəssüratlar yarandı?
- Müharibənin ilk təəssüratları artıq Azərbaycan Gürcüstan sərhəd postu olan Qırmızı Körpünü keçən zaman başladı. Azərbaycanla sərhəddə çoxlu qaçqınlar yığılmışdı. Onların içində yalnız Gürcüstanda yaşayan azərbaycanlılar deyil, bu ölkəyə istirahətə gələn xeyli əcnəbilər var idi. Azərbaycanlılar, gürcülər, əcnəbilər - hamısı Azərbaycana tərəf qaçırdılar. Ruslar hər tərəfdən - Batumidən, Senakidən bomba yağdırırdılar. Tiflisin hər yerini bombalayırdılar. Hamı dəhşət içində idi.
İlk olaraq Tiflisə getdim. Parlamentin qabağında xeyli siyasətçi, vətənpərvər, könüllülər yığılmışdı. Orada şahidi oldum ki, rəsmi hakimiyyət əməlli–başlı panika içindədir. Hökümət demək olar ki, başını itirmişdi. Qeydiyyatdan keçmək üçün hansı struktura yaxınlaşdımsa, heç biri işləmirdi. Saakaşvili hakimiyyətinin Qərbdən gözlədiyi dəstək özünü doğrultmamışdı. Gürcülər rusların çox sürətli əks-hücümuna qəti hazır deyildilər. Gürcüstan ordusunun 3000 nəfərlik elitar ordusunun ön cəbhəyə çıxarılmış hissələrinin, hardasa 600-700 nəfəri məhv edilmişdi. Qalanları da pərən-pərən düşmüşdü, dağlarda, meşələrdə gizlənirdilər və onlarla əlaqə itmişdi.
- Bəs Tiflisdə olduğun müddətdə Gürcüstan rəsmiləri ilə münasibətlər saxlaya bildinmi?
- Gürcüstan hakimiyyəti özünü tamam itirmişdi. İlk saatlarda onlar heç bir rəsmi şərh verə bilmirdilər. Qeyd edim ki, parlamentin qabağına beynəlxalq və yerli jurnalistlərdən ibarət böyük bir dəstə var idi. Yalnız parlamentin qarşısında yaradılmış operativ qərargahdan mətbuata vəziyyətlə bağlı qısa məlumatlar verilirdi. Bu məlumatların əksəriyyətində isə informasiya müharibəsinin cizgiləri hiss edilirdi: məlumatları daha çox şişirdilmiş şəkildə təqdim edirdilər. Əgər ruslar 10 nəfər öldürülürdüsə, məlumat verilirdi ki, artıq 100 nəfər öldürülüb.
Təbii ki, o basabasda mən ilk növbədə döyüş meydanına getmək istədim. Bu isə tamam təsadüfi oldu. Biz getdik İqoiti yaşayış məntəqəsinə. Polislər Nataktaridən bizi buraxmadılar. Birtəhər keçdik. İqoiti gürcü hərbçilərinin nəzarətində idi. Ancaq hərbiçilər çox pərakəndə vəziyyətdə idilər. Çox yaxşı silahlansalar da, pərakəndə, pəjmürdə və ümidsiz görünürdülər. Biz buradan qabağa irəlilədik. Qori şəhərinin girişinə qədər bir təhər gedib çıxdıq. Burdan o tərəfə piyada hərəkət etmək lazım gəldi. Çünki artıq şəhərdə döyüşlər gedirdi. Orada mənim də olduğum jurnalist dəstəsində Almaniya, Fransa və Ukrayna jurnalistləri idi. İki nəfər də “Əl-Cəzirə” telekanalının müxbiri vardı. Mən “Əl-Cəzirə”dən olan jurnalistlərə qoşuldum və biz piyada Qoriyə getməyə başladıq. Meşə zolağı ilə Qoriyə gedərkən girişdə rus hərbiçiləri bizi tutdular. Əlimizdə xəritə yox. Heç cəbhə xəttinin haradan keçdiyini də bilmirdik. Biz gürcülər tərəfdən gəlib meşə zolağı ilə irəliləyərkən rusların əlinə düşmüşdük. Məlum oldu ki, ruslar artıq Qorinin girişindədirlər. Hər şeyi əlimizdən alan hərbçilər bizi sürüyə-sürüyə komandirin yanına apardılar. Həyəcanla nə olacağını gözləyirdim. Sənədlərimizi bir-bir yoxlayan həddən artıq canlı və yekəpər polkovnik birdən başını qaldırıb mənə “sən Bakıdansan?” deyə soruşdu. Mən də qorxa-qorxa dedim ki “bəli, Bakıdanam”. Daha sonra yekəpər polkovnik məndən soruşdu ki, “Kazbek Tuayevi tanıyırsan?”. Bir an bilmədim nə cavab verim. Tuayevi tanıdığımı deyim, ya deməyim. Cavabdan asılı olaraq nəticə pis və yaxşı ola bilərdi. Canımı dişimə tutub dedim ki, bəs “Kazbek Tuayev Azərbayacan futbolunun əfsanəsi, bizim milli qürurumuzdur”.
Bunu deyən kimi həmin yekəpər polkovnik gözlənilmədən məni qucaqlayıb ətrafda olan hərbçilərə bağırdı ki, “eto moy zemlayk”. Sonra mənə dedi ki, Kazbek Tuayev onun əmisidir. Tər-su məni aparmışdı. Polkovnik sonra əsgərlərin üstünə qışqırdı ki, “tez yerlimdən nə almısınızsa, qaytarın. Bu mənimlədir”. Sonra başladı ətrafa yığılan zabitlərə müraciətlə “gördünüzmü, mənim əmim Azərbaycan üçün necə qürur mənbəyidir” dedi. Bu yekəpər polkovniklə qısa söhbətdən sonra mən bildim ki, o, Bakıda anadan olub. Şəhərdəki 7 saylı orta məktbədə təhsil alıb. Daha sonra məndən vəziyyəti soruşdu, Bakı üçün darıxdığını dedi. Söhbt bitəndən sonra mənə tanka minməyi əmr etdi. Mən də mindim onun tankına və döyüş gedə-gedə bu rus tankının üstandə Qoriyə daxil oldum..
“Rus əsgərləri məni avtomatın qundağı ilə döyə-döyə tanka apardılar”
- Sənə tanka minməyi niyə əmr etdi?
- Polkovnik mənə dedi ki, bu mənim üçün daha təhlükəsiz olar. Çünki Qori tərəfdən çoxlu osetinlərdən, abxazlardan ibarət təşkil olunmuş silahlı xalq drujinaları gəlirdi. Onlar yolboyu qarətlə məşğul olurdular. Əlimdəki qiymətli fotokameraya görə məni asanlıqla öldürə bilərdilər. Orada vəziyyət həddən artıq gərgin idi. Necə deyərlər, it yiyəsini tanımırdı. Məsələn, məni tutan rus hərbiçiləri çox aqressiv idilər. Avtomatın qundaqı ilə məni döyə-döyə apardılar yekəpər zabitin qabağına. Hətta köynəyimi belə əynimdən çıxartmışdılar.
- Səni tutanda jurnalist olduğunu demədin?
- Nə danışırsan? Ruslar məni gürcü və Amerika casusu kimi tutduqlarını deyirdilər. Orada nə jurnalist... Müharibədir, döyüşdür. Mən heç bilmədim “Əl-Cəzirə”nin müxbirlərini hara apardılar, onların taleyi necə oldu. O qədər özümü itirmişdim ki... Mən rus hərbçilərinin nəzarətində olduğum 10-15 saat içində qorxumdan bir dəfə də olsun yekəpər polkovnikdən soruşmadım ki, həmkarlarımı hara apardılar....Vəziyyət elə idi ki, orada ölmək heç nə idi.
Beləcə rus tankı üstündə oturub getdim, ruslarla necə deyərlər Qorini işğal etdim. Tankın üstündən şəkil, video çəkmək qəti qadağan idi. Mən mümkün qədər çəkməyə çalışrırdım. Xeyli şəkillərim var. Ölənlərdən, yarananlardan, ümumiyyətlə baş verən proseslərdən, dağıntılardan, döyüş səhnələrindən şəkillərim var.
- Üstündə jurnalist olduğunu bildirən heç nə yox idi?
- Mənə rus ordusunun desant qoşunlarına aid 17 kiloqramlıq iki dənə zirehli jilet geyindirmişdilər. Birini geyinmişdim, o birini ayaqlarımın üstünə qoymuşdular. Mənə dedilər ki, tankın üstündə oturanda ayaqlar sallanır. Güllə asanlıqla dəyə bilər... Tank komandirinin sağ tərəfində oturmuşdum.
Ruslar Gürcüstana sınıq-salxaq tanklarla girmişdilər”
- Rus əsgərlərinin əhvalı necə idi?
- Tankın ekipajı kef edirdi. Hamısı sərxoş idi. Hara gəldi gülləni, mərmini boşaldırdılar. Hara gəldi dağıdırdılar. Qışqırıb bir-birilərinə “hanı, bəs NATO?!”, “Gürcüstana göstərdik yerini!” deyirdilər və gülürdülər.
- Qoriyə girəndən sonra nə oldu?
- Hücum elə sürətli olmuşdu ki, əhali imkan tapıb qaça bilməmişdi. Şəhər panika içində idi.
Bir neçə bina yanırdı, vahiməydi... Çox dəhşətli bir mənzərə idi. Şəhərin kənarında hərbi baza var idi, o bazanı tamam yandırmışdılar. Bir-iki yerdə müqavimət olmuşdu, vurulmuş gürcü hərbi maşınıarı, tankları yanırdı, ətrafa qara tüstü yayılırdı. Qoriyə girəndə axşamüstü, qaranlıq düşürdü. Qaranlıqda 10 metrdən artıq yeri də görmək mümkün deyildi. Qori cəhənnəmi xatırladırdı.
Maraqlı məqam odur ki, rus ordusu Gürcüstana köhnə texnika ilə girmişdi. Köhnə, sınıq-salxaq... Qabağa verdikləri ən yaxşı texnika T-72 idi. Qalanları köhnə “BTR”lər, “BMP”lər idi. Gürcülərinsə hərbi texnikaları yaxşı idi. Tankları pultla işləyirdi. Amma nə olsun. Hamısını atıb qaçmışdılar. Mən şahidi oldum ki, Qorinin yaxınlığında gürcülər böyük tank hərbi bazasını bütöv halda atıb qaçmışdılar. Rus əsgərləri də hırıldıya-hırıldıya bu tankları qənimət kimi aparırdılar. Ruslar sərbəst şəkildə banklara girir, dükanalardan, evlərdən əllərinə nə keçdi oğurlayırdılar.
- Bəs Tuayevin qardaşı oğlu olan polkovnik səninlə nə danışırdı?
- Ordan-burdan. Əsasən qohum-qəbilə söhbətləri edirdi. Mən də öz növbəmdə onda kəşfiyyatçı təəssüratı yaratmamaq üçün sakit durmağa üstünlük verirdim. Çünki heç bir vəchlə onu şübhələndirmək olmazdı. Yəni çıxıb getməyi ağlıma belə gətirmirdim. Elə bir situasiya idi ki, mən ona asanlıqla “davay zemlyak, mən getdim”deyə bilməzdim. Desəydim, mən ordan sağ çıxa bilməzdim. Çünki rus ordusunun əsgərlərinin amansız, əzazilliyi məni şoka salmışdı. Həm də bu rus qoşunununu Şimali Qafqaz ordusu idi. Bu ordu isə başkəsənlər ordusu kimi də tanınırdı. Maraqlı bir detal da diqqətimi çəkdi. Bu ordunun tərkibində “Vostok” qruplaşması yalnız çeçenlərdən təşkil olunmuşdu. Elə gürcülərin 3000-lik nizamlı ordusunu həmin çeçenlər darmadağın etdilər. Gürcüstana ilk olaraq “Vostok” girdi, sonra nizami ordu, daha sonra xalq drujinaları adı verilmiş osetin və abxaz yaraqlıları. Qoridə hər tərəfdə onlar idi..
- Bəs ruslardan necə xilas oldun?
- Xiılas olmağım xüsusi qəhrəmanlıq olmadı. Mən artıq rus əsgərləri ilə bir yerdə idim. Onlar hesab edirdilər ki mən Rusiyameylli adamam. Bir avtomatım çatmırdı. Mənə rus ordusunun bronjileti, əsgər kepkası, qara eynək vermişdilər. Bir məqamda az qala osetin çapqınçılarının əlinə kecəcəkdim. Axşam saat 8-də “Zerkalo”ya son məlumatları vermək üçün tankdan aşağı düşüb çəpərin dibində çömbələk oturub telefonla danışırdım. Tank heyətinin də başı döyüş əmrlərini yerinə yetirməyə qarşımışdı.. Bir də gördüm ki, arxadan mənə güclü bir təpik dəydi. Sən demə osetin yaraqlıları məni görüb yaxınlaşıblar. Avtomatın qızmar lüləsini ağzıma soxması ilə gözümdən od çıxdı. Başladı söyməyə. Mən də qışqıra-qışqıra dedm ki, söyüş söymək lazm deyil. Mən burada “yad” deyiləm. Əlimi tanka uzadıb dedim ki, bu tank dəstəsinin rəhbərinin qohumuyam. Səs-küyə gələn ekipaj üzvləri məni xilas etdilər. Hay-küyə yekəpər bakılı polkovnik də gəldi. Başladı bu yaraqlıları söyüb təpikləməyə. Qışıqra-qışqıra “mən bəyəm ölmüşəm ki, tankımdan 10 metr aralıda casus olsun”, “sizin ananızı..”, “görmürsünüz o mənimədir” kimi bağırtılardan sonra polkovnik mənə hirslə bir daha tankdan düşməyi qadağan elədi. Ondan sonra bir daha tankı tərk eləmədim. Tankdan düşmək artıq hazır ölüm idi. Polkovnik həqiqətən mənə çox böyük kömək elədi. Dedi ki, “səni vurarlar, sonra bir yerli kimi qoruya bilmədiyimə görə vicdan əzabı çəkərəm”.
Qoridə sakitlik yaranan kimi məni gətirib şəhərin çıxışında düşürdülər. Yanacaqdoldurma məntəqəsinin yanından dedilər ki, buradan özün get. Orada 2-3 km yolu neytral ərazi kimi saxlamışdılar. Avropa dövlətlərinin rəhbərləri artıq Gürcüstanda olduğu üçün atışma bir qədər səngimişdi. Neytral ərazini piyada keçənə kimi mənimki mənə dəydi. Hər an güllə ilə vurulacağımı gözləyirdim. 2 km gəldikdən sonra uzaqdan polis maşınlarının dayandığını gördüm. Gürcü patrul maşınalrını. Xeyli adam yolun ortasında durmuşdu. Gəlib çatdım onlara.
Mənə çox şübhəli yanaşdılar. Yolun ortası ilə rus tərəfdən gələn naməlum adam olsam da, atəş açmadlıar. Gürculər daha tolerant aparırdılar özlərini. O şəkildə rusların üstunə getsəydim, yəqin vurardılar məni. Mən yaxınlaşdım ordakılara salam verdim. Dedilər ki, çəkdiyin şəkillərdən və məlumatlardan ver. Mən heç kimə heç nə vermədim. Belə bir riski 5-3 manat qazanmaq üçün eləmişdim. Onlara dedim ki, şəkilləri ancaq pulla sata bilərəm. Hiss etdim ki, yığışanlar jurnalist deyillər. Onlar çox guman ki, Gürcüstan Xüsusi Xidmət orqanlarının əməkdaşları idilər. Bir neçə xarici jurnalist var idi. Bir nəfərlə razılaşdım və ona 10-15 şəkil satdım.
“General mənə dedi ki, Azərbaycanın işğal planı onun stolunun üstündədir”
- Müharibədə iştrak edən reportyor kimi, səncə bu müharibə Qafqaza nə verdi? Sənin hansı qənaətlərin oldu?
- Tiflis şəhərindən 35 kilometr sonra artıq Gürcüstan hakimiyyəti yox idi. Bütün infrastruktur darmadağın olunmuşdu. Nəqliyyat yox idi, faciəvi bir vəziyyət yaranmışdı. Mən oradan səhəri gün Sxinvali şəhərinə gedə bildim. Mən Şimali Qafqaz Ordusunun Komandanlığı ilə şəxsi münasibətləri olan bir qrup xarici jurnalist dəstəsinə qoşularaq bu şəhərə gəldim. Orda mənim komandanlıq edən general rütbəli zabitlə söhbətim oldu.
İlk olaraq qeyd edim ki, əlimdə üstundə NATO-nun embelemi əks olunmuş çanta vardı. General toplantıda birdən mənim çantamın üstündə olan NATO emblemini görüb bağırmağa başladı ki, “bu Amerika casusunu bura kim buraxıb?”.
Açığı, mən heç özüm buna fikir verməmişdim, balaca bir eblemi general görübmüş. Məndən soruşdu ki, “sən türksən?”. Dedim ki, “mən azərbaycanlı jurnalistəm”. Bundan sonra bir qədər sakitləşən general mənə dedi ki, “sizin Prezidentiniz ağıllıdır. Sarkaşvili isə idiotdur”.
General mənə dedi ki, Azərbaycan yaxşı başa düşür ki, ikinci dünya müharibəsindən sonra bu ərazilər Rusiyaya verilib. Həmin general mənə dedi ki, “sizin Prezidentiniz çox yaxşı bilir ki, mənim stolumun üstündə Azərbaycanın işğal xəritəsi var və biz bir sutkaya qədər Yevlaxa kimi gəlib çıxacağıq. Ona görə müharibə eləmirsiniz”.
Mən səssizcə durub qulaq asırdım. Bu sözü deyən Şimali Qafqaz Ordusunun Komandanı idi. Nəsə etiraz etmək mənə yersiz görünürdü...
Fotolar İdrak Abbasovundur.
Aytən Əliyeva