Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində yüksək seçici fəallığı qeydə alınır.
Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.
N.Ünüvar qeyd edib: “Səhər saatlarında etibarən seçkiləri müşahidə edirik və Bakıda müxtəlif seçki məntəqələrində olduq. Seçki prosesində hər hansı çətinliyə, neqativ hala rast gəlmədik”.
Millət vəkili deyib ki, seçkilərdə qadın seçicilərin aktiv iştirakı xüsusilə nəzərəçarpan məqamlardan biri olub:
“Azərbaycan çox önəmli bir seçim edir və bu seçimlər sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, bölgə üçün də çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri dünya üçün də önəmlidir, çünki bu gün Azərbaycan sadəcə regional əhəmiyyətli deyil, həmçinin dünya əhəmiyyətli layihələr həyata keçirir”.
****
"Azərbaycan xalqı yüksək siyasi fəallıq nümayiş etdirir".
Bunu Monteneqro parlamentinin deputatı, AŞPA-nın üzvü Predraq Sekuliç deyib:
P.Sekuliçin sözlərinə görə, günün birinci hissəsində Bakının 11 seçki məntəqəsində olub:
“Seçki prosesi yaxşı davam edir. Mənim Azərbaycanda müşahidəçilik təcrübəm var. Mən burada referendumda və parlament seçkilərində iştirak etmişəm. Azərbaycanda insanlar siyasi cəhətdən fəaldır. Ümumilikdə hər şey yaxşı təşkil olunub. Aktivlik kifayət qədər yüksəkdir”.
Deputat əlavə edib ki, günün ikinci yarısında daha yeddi-səkkiz məntəqəyə gedəcək.
***
İlkin müşahidələrə əsasən prezident seçkilərində yüksək fəallığa ümid etmək olar.
Bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının (PA) Rusiya nümayəndə heyətinin rəhbəri İlyas Umaxanov deyib.
İ.Umaxanov bildirib: “Biz səhər saatlarından seçki məntəqələrinin açılmasında iştirak etmişik. Artıq səhər saat səkkizə yaxın böyük növbələr yaranırdı. Ümid etmək olar ki, seçkilərin yekununda yüksək fəallıq olacaq. Hələlik biz Bakı ilə bağlı mülahizə yürüdə bilərik, regionlar haqqında hələlik məlumat yoxdur”.
Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafından danışan İ.Umaxanov əmin olduğunu bildirib ki, səmərəli əməkdaşlıq seçkilərdən sonra da davam etdiriləcək.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.
Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.