Modern.az

Abel Məhrrəmov amerikalı hüquqşünasları qəbul edib

Abel Məhrrəmov amerikalı hüquqşünasları qəbul edib

Təhsil

10 Avqust 2011, 17:30

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov ABŞ Ədliyyə Departamentinin Xaricdə Prokurorluğun İnkişafına Yardım Proqramının Avroasiya üzrə Regional direktoru, eyni zamanda, McGill universitetinin dosenti xanım Katerina Nyukamı qəbul edib. Məlum olub ki, qonaq Azərbaycanın hüquqşünas kadrlarını hazırlayan, zəngin ənənələrə malik təhsil ocağı olan Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə tanış olmaq niyyətindədir.

Universitet haqqında xanım Katerina Nyukama məlumat verən rektor Abel Məhərrəmov onun beynəlxalq əlaqələrindən, ABŞ universitetləri ilə əməkdaşlıqdan, hüquq sahəsində münasibətlərin qurulmasından bəhs edib. Hüquq fakültəsində bir çox fənlərin tədrisində elmi məktəbin formalaşdığını deyən rektor, ekologiya, insan, kommersiya, beynəlxalq ekologiya, dəniz hüquqları sahəsində də elmi məktəblərin formalaşması zərurətindən danışıb. Bildirib ki, bu sahələrin daha da inkişafı üçün tələbələrin Avropa, Amerika universitetlərində təhsillərini davam etdirmələri, müəyyən müddətdə tədqiqat aparmaları və təcrübə keçmələri məqsədəuyğun olardı.

Xanım Katerina Nyukam hüquq sahəsində əlaqələrin qurulması, daha da dərinləşməsi, irəli sürülən təkliflərin reallaşması üçün çalışacağını bildirib. Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə ABŞ Ədliyyə Departamentinin Bakıdakı rezident hüquq müşaviri Erik Peterson da iştirak edib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib ki, qonaqlar universitetlə tanış olub və yüksək təəssüratla ayrılıblar.


Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım