Əziz qardaşım Ceyhun Nağının vaxtsız rəhmətə getməsi məni təsəvvur edilməyəcək dərəcədə sarsıdıb. Xətirini çox sevdiyim, söhbətlərinə yorulmadan qulaq asdığım, arxalandığım, her bir mövzuda utanmadan, çəkinmədən söhbət etdiyim bir insanın yoxluğunu təsəvvür etmek çox çətindir. Onun yoxluğunda mən özümü yuvasında tənha, kimsəsiz qalmış sərçə balası kimi hiss edirəm.
Ceyhun Nağı ilə tanışlığım çox-çox illər əvvəl Qubada baş verdi. O zaman jurnalistlərlə Qubanın istirahət guşələrindən birində seminarda idik. Adı seminar olsa da, vaxtımızın böyük hissəsini gəzməkdə, dincəlməkdə, yeyib-içməkdə keçirdik. Seminarın ele ilk günündən Ceyhunla söhbətimiz alındı və bu söhbət Qubada qaldığımız son güne qeder daha da şirinləşdi, daha da maraqlı oldu. Elə ilk söhbətdəncə Ceyhunun nə qədər alicənab, kübar, savadlı, böyük dünyagörüşlü olduğunu hiss etdim. Söhbətlərindən dost qedri bilən, haqqı nahaqqa verməyən, sözündə, əməlində bütöv biri olduğunu sezdim ve bu insani sevməyə başladım.
Qubadan qayıtdıqdan sonra onunla yoldaşlığımı daha da möhkəmləndirmək, dostluğa çevirmək qərarına gəldim. O zaman mən İnşaatçılar metrostansiyasının yaxınlığındakı həyət evlərində kirayədə qalırdım. Bütün digər jurnalistlər kimi, maddi imkanın azlığından balaca bir daxma kirayələmişdim. Biş-düş edib Ceyhunu evimizə qonaq dəvət etdim. İnandırım sizləri ki, Ceyhunun gəlişi ilə balaca daxmamız sanki imarətə çevrildi. Onun bitməyən, sonu görünməyən, lakin çox maraqlı olan söhbətləri isə məni daxmamın balacalığından, süfrəmin kasadlığından doğan utancaqlıq hissimi aradan qaldırdı və beləcə bizim dostluğumuz başladı.
Sonra mən yenə də imkansızlıqda Bakının Mehdiabad kəndində, balaca bir evdə yaşamalı oldum. Amma bir nüansa sevinirdim ki, yaşayacağım ev Ceyhunun mənzilinin lap yaxınlığındadı və deməli biz tez-tez görüşəcik. Elə də oldu. Ceyhunla tez-tez görüşdük. Hər görüşümüzdə ona olan sevgim daha da artdı. Ceyhun əsl dost, əsl qardaş idi. O sanki məclislər üçün yaranmışdı. Əsl məclis adamı idi. Harda oturmağımdan, kimlərlə bir süfrə arxasında əyləşməyimdən asılı olmayaraq mütləq Ceyhuna zəng edər, onu məclisimizdə görmək istədiyimi bildirər, o da sözümü yerə salmaz, bütün-işini gücünü atıb bizim balaca yığıncağımza təşrif buyurardı.
Təxminən bir ay bundan əvvəl AVCİYA-dan Vüqar Tofiqli, "525-ci qəzet"dən Bəxtiyar Məmmədli və mən Xəzərin Fatmai sahillərinə balıq tutmağa getmişdik. Əslində bizim məqsədimiz balıq tutmaq deyil, dənizin sahilində azar tutmaq, paytaxtın səsindən-küyündən uzaq olmaq, fikirdən-kədərdən uzaq düşmük istəyirdik. Adlarını çəkdiyim həmkarlarla görüşməmişdən əvvəl Ceyhuna da zəng etdim, o da mənim "balıq tutmaq" dəvətimi qəbul etdi və biz günün sonuna qədər gözəl vaxt keçirdik. Ceyhun gələndə həyətdən albalı yığıb gətirmişdi. Albalını necə yığdığını, ağacın başına necə çıxdığını danışıb bizi qarnımız ağrıyana qədər güldürmüşdü də.
Ceyhunun mənə son zəngi iki gün bundan əvvəl oldu. Axşamüstü idi. Əziz dostum mənə telefon açıb məclis qurmağımızı istədi. Və qayıtdı kı, bir qədər boğazını yaşlamaq istəyir. Mən isə cavabında "ay qardaş, həmişə günaha batırıq. İndi orucluqdu. Gəl ikiqat günaha batmayaq" dedim. O da mənim ölkənin cənubundan olduğumu xatırladıb belə bir cavab verəcəyimi əvvəlcədən bildiyini dedi və biz bir neçə əlavə zarafat edib dəstəyi asdıq. Lakin Ceyhunun ürəyini şad etmək üçün bir neçə saatdan sonra özüm ona zəng etdim. Fikirləşmişdim ki, gedib çörək yeyərik, mən içmərəm, o istəsə əgər, içər.
Amma telefonumu qaldıram Ceyhun artıq çörək yediyini və əhvalının da yaxşı olduğunu bildirdi. Beləcə biz görüşə bilmədik. Cəmisi iki gündən sonra isə Ceyhunla bağlı səhər tezdən aldığım xəbər yenicə açılan günümü gecəyə çevirdi. Yalnız bu gün, yalnız indi üzüntümü, kədərimi sözlə ifadə etməyə çox çətinlik çəkirəm. Mən elə bilirdim ki, sözlə bütün hissləri ifadə etmək mümkündür. Amma bu gün səhv etdiyimi anladım. Başa düşdüm ki, elə anlar var, onları ifadə etmək mümkünsüzdür.
ALLAH RƏHMƏT ELƏSİN, AMİN!!!