Modern.az

“Ələkeçməz” “Bakıelektrikşəbəkə” ram edildi...

“Ələkeçməz” “Bakıelektrikşəbəkə” ram edildi...

10 Avqust 2011, 18:53

“Ötür-ötür oyunun”dan sonra vətəndaşlar məhkəməyə müraciət üçün əsl ünvanı tapdılar

Bundan sonra “Bakıelektrikşəbəkə” ASC-yə qarşı idda qaldıran vətəndaşlar Nəsimi rayon məhkəməsinə müraciət edə bilərlər. Nəhayət ki, bununla bağlı 2011-ci ilin mart ayından etibarən  yaranan “ötür-ötür oyununa”  son qoyuldu. Bu barədə Modern.az-a “Konstitusiya” Araşdırmlar Fondu və QHT-lərin Antikorrupsiya Şəbəkəsininin ACYF-in dəstəyi ilə həyata keçirdiyi “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələkbər Ağasiyev məlumat verib.

Onun sözlərinə görə,  2011-ci ilin mart ayından etibarən “Bakıelektrikşəbəkə” ASC-yə qarşı idda qaldıran vətəndaşların hansı rayon məhkəməsinə müraciət etməli olmaları məsələsi mübahisə predmetinə çevrilmişdi. Belə ki, “Bakıelektrikşəbəkə” ASC-nin Nizamnamədə göstərilən ünvanı Nərimanov rayonu Kazımzadə küçəsi 20 idi. Lakin,  “Bakıelektrikşəbəkə” ASC-nin rəhbərliyinin  faktik yerləşdiyi ünvan Nəsimi rayonu Bakıxanov küçəsi 13-dür. Cavabdehin yerləşdiyi ünvana görə istehlakçılar məhkəmə aidiyyatı üzrə ya Nərimanov, ya da Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdə yaranmış “anlaşılmazlıq” səbəbindən məhkəmə qərardadı ilə işlər geri qaytarılırdı. Nərimanov rayon Məhkəməsinin qərardadında göstərilir ki, işə Nəsimi rayon Məhkəməsi baxmalıdır. Nəsimi rayon Məhkəməsinin qərardadında isə əksi göstərilirdi. Belə vəziyyətin yaranması isə ilk növbədə “Bakıelektrikşəbəkə” ASC korpartaiv maraqlarına uyğun idi.

Nəticədə istehlakçı hüquqlarının məhkəmə yolu ilə bərpasına süni maneələr yaradılır, istehlakçılar əlavə maddi, mənəvi və vaxt itkisinə, süründürməçiliyə məruz qalırdılar. Həmçinin, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasının 60 və 62-ci maddələri ilə nəzərdə tutulan hüquqları pozulurdu.

Bu problemin həlli üçün “Konstitusiya” Araşdırmlar Fondu və QHT-lərin Antikorrupsiya Şəbəkəsi Nəsimi və Nərimanov rayon məhkəmələrinə dəfələrlə şifahi  müraciətlər etmişdi. Eyni zamanda bir müddət əvvəl rəsmi müraciət də göndərilmişdi.

Nəhayət “Bakıelektrikşəbəkə” ASC Nərimanov və Nəsimi rayon məhkəmələrinə, 1 saylı Bakı İnzibatı-İqtisadi və 2 saylı Bakı İnzibatı-İqtisadi məhkəmələrinə rəsmi cavab göndərərək təşkilatın daimi fəaliyyət göstərən orqanı Mərkəsi Aparatın Nəsimi rayonu A.Bakıxanov küç. 13 ünvanına köçdüyünü bildirib.

Ə.Ağasıyev qeyd etdi ki, bu problemin həlli ilə bağlı istehlakçıların fəallığının artmasına da ümid edir. Çünki, yaranmış problem vətəndaşların öz istehlakçı hüquqlarını məhkəmə müstəvisində qorumaq səylərinə də mənfi tədir göstərmişdi. Süründürməçilikdən bezən vətəndaşlar məhkəməyə müraciət etməyə maraq göstərmirdilər. “Bakıelektrikşəbəkə” ASC-yə qarşı məhkmə iddialarında da azalma müşahidə olunurdu. Ekspert hesab edir ki, artıq vətəndaşlar daha fəal olmalı və öz hüquqlarını məhkəmə müstəvəsində müdafiə etməkdən çəkinməməlidirlər.
“Ölkə rəhbərliyi tərəfindən, xüsusən son illərdə istehlakçı hüquqlarının qorunması məqsədilə imzalanmış fərmanlar və verilmiş qərarlar yalnız vətəndaş prinsipiallığı ilə dəstəkləndikdə gözlənilən effekti verə bilər”, - deyə Ə.Ağasiyev vurğuladı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal