Modern.az

Baş nazir bir neçə dövlət qurumunun borclarını sildi

Baş nazir bir neçə dövlət qurumunun borclarını sildi

Təhsil

11 Avqust 2011, 11:03

Nazirlər Kabineti bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə qərar çıxarıb. Modern.az-ın məlumatına görə, sözügedən qərarla bir sıra böyük dövlət qurumlarının borcları silinib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda bildirilib.

1. "Azərsu" ASC-nin 2011-ci il fevralın 1-nə olan aşağıdakı kreditor borcları silinsin:

"Bakıelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə - 83,0 milyon manat;

"Sumqayıtelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə - 64,1 milyon manat;

"Azərenerji" ASC üzrə  - 9,3 milyon manat;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üzrə  - 65,6 milyon manat.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və "Azərsu" ASC-yə tapşırılsın ki:

2.1. "Azərsu" ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 milyon manat, habelə həmin Cəmiyyətin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 milyon manat borclarının nizamnamə kapitalına yönəldilməklə silinməsini təmin etsinlər;

2.2. "Azərsu" ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KFW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 milyon manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görsünlər.

3. Bu qərarın 1-ci hissəsinə uyğun olaraq, "Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83,0 milyon manat kreditor borcları silinsin.

4. Bu qərarın 1-ci və 3-cü hissələrinə əsasən, borcları silinən "Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə olan 83,0 mln. manat, "Azərsu" ASC-nin "Azərenerji" ASC-yə olan 9,3 mln. manat borcuna müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "Azərenerji" ASC arasında bağlanmış borc sazişləri üzrə "Azərenerji" ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan 92,3 milyon manat məbləğində borc silinsin.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki:

5.1. bir ay müddətində "Azərsu" ASC-nin əvvəlki illərdə yaranmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş ödənilmə müddətləri ötmüş vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının silinməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

5.2. bu qərara əsasən borcları silinən müəssisə və təşkilatlarda kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə alsın.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanına uyğun olaraq, 2011-ci il fevralın 1-nə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə "Azərsu" ASC-yə 294,2 milyon manat məbləğində olan borclarının silinməsi zamanı kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə alsın.

7. Bu qərara əsasən borcları silinən müəssisə və təşkilatlara tapşırılsın ki:

7.1. özlərinin və tabeliklərindəki qurumların mühasibat uçotu sənədlərində müvafiq qeydlər edilməsini və borclarının silinməsi nəticəsində əldə etdikləri gəlirlərinə (bu qərarın 5-ci hissəsinə əsasən silinən vergi borcları, faizlər və maliyyə sanksiyaları istisna olmaqla) qanunvericiliyə uyğun vergiləri hesablayaraq, dövlət büdcəsinə ödənilməsini təmin etsinlər;

7.2. silinmiş debitor borcları üzrə hesablanmış penyanı və cərimə məbləğlərini ləğv etsinlər.

Bu qərar 2011-ci il avqusutun 10-dan qüvvəyə minib.  

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım