Modern.az

BAXCP: "Onların yürütdüyü siyasət Tanrıya deyil, şeytana xidmət edir" (MÜRACİƏT)

BAXCP: "Onların yürütdüyü siyasət Tanrıya deyil, şeytana xidmət edir" (MÜRACİƏT)

Təhsil

11 Avqust 2011, 12:58

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Cənubi Azərbaycandakı soydaşlarımıza və İran İslam Respublikasında yaşayan digər xalqlara müraciət ünvanlayıb. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

«Dəyərli müsəlman bacı və qardaşlarımız!

Bütün müsəlmanlar üçün yüksək mənəvi önəm daşıyan, Tanrıya məhəbbətin və sədaqətin, imanın nəfsə qalib gəldiyi bu müqəddəs Ramazan günlərində hər birinizi salamlayır, İslamın uca dəyərlərinə tapınan hər kəsə sülh, əminamanlıq və rifah arzulayırıq.

Hər bir müsəlman üçün əziz olan bu müqəddəs günlərdə Sizə müraciət etməyimizin əsas səbəbi işğal altında olan Azərbaycan torpaqlarıyla və bu işğal nəticəsində öz doğma yurdlarından, ev-eşiklərindən didərgin düşmüş bir milyondan artıq müsəlman bacı və qardaşlarımızla bağlıdır.

Artıq 20 ildir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, bu torpaqlarda olan nə varsa – məscidlər, ziyarətgahlar, qəbirlər, evlər, binalar, tarixi abidələr təcavükarlar tərəfindən dağıdılıb, təhqir olunub, aşağılanıb.

Biz öz torpaqlarımızın müdafiəsi uğrunda 30 mindən artıq şəhid vermişik, lakin Allahın bütün kitablarında buyurulan dəyərlərə qarşı savaş açan güclərin himayə etdiyi və dəstəklədiyi Ermənistanla qeyri-bərabər bir müharibənin nəticəsində müqəddəs Vətən torpaqlarının 20 faizini itirmişik.

Artıq 20 ildir ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində aparılan danışıqlar nəticə vermir, zülm, istibdad başa çatmır, müsəlman azərbaycanlılar öz doğma evlərinə qayıda bilmirlər. Təəssüf ki, təcavüzə son qoyulmasına və tarixi ədalətin bərqərar olmasına mane olan, Azərbaycan müsəlmanlarının haqqını tapdalayan, zülmün və şərin himayəsində dayanan qüvvələr arasında xristian həmrəyliyindən çıxış edərək bir olan Allahın buyurduqlarına qarşı çıxan dövlətlərlə yanaşı müsəlman bacı və qardaşlarımızın yaşadığı İran da var.

İranın İslam pərdəsi arxasında gizlənərək, konkret bir dini-siyasi təbəqənin maraqlarını ifadə edən rejimi Azərbaycan torpaqlarının işğalına başlanıldığı ilk günlərdən Ermənistana hərtərəfli dəstək verib və bu proses bu gün də davam etməkdədir. İranın müsəlman torpaqlarını işğal altında saxlayan Ermənistanla iqtisadi-ticari, hərbi-siyasi və mədəni əlaqələri gündən-günə genişlənir. Sizlərin hüquqlarını tapdalayan mövcud mola rejimi bu gün təcavüzkar Ermənistanın və təbii ki, işğalın əsas dəstəkçisi rolunda çıxış edir.

Əziz müsəlman bacı və qardaşlarımız!

Sizin ağır şərtlər altında yaşadığınızı, ən adi hüquqlarınızın belə tanınmadığını, İslamın müqqəddəs dəyərlərindən niqab tutmuş fürsətçi bir qrupun – dini-siyasi zümrənin basqısı altında olduğunuzu yaxşı bilirik. Bu gün İranda öz xalqının azad, firavan və layaqətli bir həyat yaşaması uğrunda demokratik yolla mübarizə aparmaq istəyən insanların da hansı təzyiqlərə məruz qaldığı, həbsə atıldığı, edam olunduğu bizə yaxşı bəllidir. Onların arasında öz xalqının gələcəyini düşünən əsil din xadimi, gerçək ruhanilər də var. Şübhəsiz ki, biz Azərbaycan müsəlmanları olaraq öz qardaş və bacılarımızın zülmə, istibdada qarşı apardıqları mübarizəyə gücümüz və imkanlarımız yetdiyi qədər dəstək verməyə hazırıq. Eyni zamanda Sizin də bizim haqq işimizə dəstək verməyinizi istəyirik. İslam pərdəsi altında islamın müqəddəs dəyərlərinə, müsəlman həmrəyliyinə, haqqa, ədalətə qənim kəsilən rəhbərlərinizə anladın ki, Allahdan qorxsunlar! Onların yürütdüyü siyasət Tanrıya deyil, şeytanın bəd əməllərinə xidmət edir. Təcavüzkar Ermənistana dəstək verməklə bir milyondan artıq müsəlmanların Vətən həsrətində yaşamalarına, müsəlman torpaqlarının işğal altında qalmasına yardım göstərməkdən əl çəksinlər. Əks təqdirdə onların aqibəti qara olacaq, bəd əməllərinin, riyakar və İslam əxlaqına zidd siyasətlərinin cavabını mütləq alacaqlar!

O gün gələcək və buna çox qalmayıb!
Əziz müsəlman bacı və qardaşlarımız!
Sizi bu müqəddəs Ramazan günlərində Azərbaycan müsəlmanlarıyla həmrəy olmağa, haqqın, ədalətin bərqərar olması üçün əlinizdən gələn köməyi əsirgəməməyə çağırırıq.
Allah oruc və dualarınızı qəbul eləsin. Amin!».

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım