Onunla şəxsi tanışlığım olmayıb. Ancaq imzasını tanımışam və rəğbət bəsləmişəm. Yəqin ki, söhbətin "Həftə içi" qəzetinin mərhum redaktoru Ceyhun Hağıdan getdiyini bildiniz. Ceyhun avqustun 10-da işə gələrkən ürəyi tutub və xəstəxanaya çatdırılmamış dünyasını dəyişib. Dünən mətbuatı izlədim və onunla bağlı yazılanları, haqqında söylənilən fikirləri oxudum. Ceyhunla yaxın olanlar, dostları, birgə çalışdıqları qələm sahibləri deyirlər ki, o, həmdərd, həssas insan, sözə və vədə xəyanət etməyən, vicdanlı, əsil dost olmağı bacaran, başqasının sirrini özündə saxlayan, gözəl daxili dünyası olan, zarafatcıl və milləti üçün yanan jurnalistlərdən idi.
Bizim Ağa deyir ki, son vaxtlar nədənsə problemləri ürəyinə yaxın buraxan, xalqın dərdini öz dərdi bilən və bunu yazılarında əks etdirən jurnalistlər aramızdan gedir. Özü də lap cavan yaşlarında. Ceyhun da belə jurnalistlərdən idi.
Deyirlər ürəyi Ceyhuna xəyanət eləyib, onu yarı yolda qoyub.
Mən isə deyirəm, biz jurnalistlərin ürəyidir ki, bütün olanlara dözür. Addımbaşı bunları görən-vicdansız vicdandan, qeyrətsiz qeyrətdən, əxlaqsız əxlaqdan, ləyaqətsiz ləyatətdən danışanda, nadan qələm əhlinə ağıl öyrədəndə, söz sahibi ağa olmağı unudanda, bütün dəyərlər para ilə ölçüləndə-ürək səni yarı yolda qoymayıb neyləsin?
Bəzən olur ki, illərdir çəkdiyin əməyin haqqı olaraq mükafat alırsan və istəyirsən ürəkdolusu sevinəsən. Ancaq sevinə bilmirsən, çünki ürəyini göynədən söz eşidirsən. Və salırsan ürəyinə, yükləyirsən tikanlı sözlərlə ürəyini. Daha fikirləşmirsən ki, bir gün ürəyin səndən üz döndərə bilər...
...Bu gün Ceyhun haqqında çox fikirlər səslənir. Sabah isə bu fikirlər tarixdə qalacaq və unudulacaq. Torpağın üzü soyuqdur, Ceyhun da unudulacaq-lap Qeyrət Quliyev, Məmməd Hazimoğlu, Süleyman Osmanoğlu, Mehriban Əbülfətqızı kimi.
İnanmırsınızsa, 2008-ci ildə Məmməd Hazimoğluyla bağlı yazdığım kiçik yazını bir daha diqqətinizə çatdırır. Həmin ilin 22 iyul tarixində yazmışam ki, səhər redaksiyaya gələndən sonra ənənəvi olaraq gündəlik mətbuatla tanış oldum və yenə də məni özünə çəkən mövzu tapa bilmədim. Redaksiyada qonşu otaqda diqqətimi bir jurnal cəlb etdi. Bu, qələminə hörmət etdiyim, imzası imzalar içindən seçilən mərhum jurnalist Məmməd Hazimoğluna həsr olunan jurnal idi. Jurnalı götürərək vərəqlədim. Dərginin sonuncu səhifəsində yer alan bu fikirlər içimi tərpətdi. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırıram:
"Görkəmli jurnalist Məmməd Hazimoğlunun (1959-2008) xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. Bunun üçün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu birgə iş planı hazırlayaraq, müvafiq komissiya formalaşdırıb. Söz Azadlığını Müdafiə Fondu kollektivinin iyulun 12-də keçirilən yığıncağında bu quruma Məmməd Hazimoğlunun adının verilməsi qərara alınıb. Məmməd Hazimoğluya həsr olunmuş xüsusi buraxılış isə artıq sizin əlinizdədir. Onun doğum günü ərəfəsində (28 sentyabr) Məmməd Hazimoğluya həsr olunmuş xatirə kitabı da işıq üzü görəcək. Tədbirlər planında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin üç nümunəvi tələbəsinə Məmməd Hazimoğlu adına təqaüdün verilməsi, Məmməd Hkazimoğlu adına mükafat təsis olunaraq hər il onun ad günü ərəfəsində jurnalistlərə təqdim olunması nəzərdə tutulur. 2009-cu ildə Məmməd Hazimoğlunun bütün əsərləri külliyyat şəklində çap olunacaq. İş planında bu il sentyabrın 28-də Rəşid Behbudov adına Mahnı Teatrında Məmməd Hazimoğluya həsr olunmuş xatirə gecəsinin keçirilməsi, onun haqqında sənədli filmin və televiziya verilişinin hazırlanması, saytın yaradılması da nəzərdə tutulur. Həmçinin Ağdaş rayonunda da Məmməd Hazimoğlunun xatirəsinin əbədiləşdirilməsilə bağlı müvafiq icra strukturlarına təkliflər veriləcək".
Sizi bilmirəm, şəxsən mənim bu fikirləri oxuyandan sonra ölməyim gəlir. Çünki bizdə adətdir, kimsə öləndən sonra onu tərifləyib göylərə qaldırırıq, bir sözlə bütləşdiririk. Elə zənn etməyin ki, hər iki təşkilatın gördüyü və görəcəyi işə kölgə salmaq niyyətindəyəm. Xeyr, sadəcə demək istəyirəm ki, Allahın altında Məmməd Hazimoğlu ilə bağlı görüləcək işlərin bir qismi elə onun sağlığında həyata keçiriləydi. Mərhum jurnalist də qədri, qiyməti olduğunu gözləri ilə görüb bu dünyadan köç edəydi.
Məmməd Hazimoğlunu tanıyanlar və qələm sahiblərinin əksəriyyəti çox gözəl bilir ki, o da əksəriyyət jurnalistlər kimi maddi çətinliklər içərisində çabalayırdı. O qəzetdən, bu qəzetə keçərək çalışar, aldığı cüzi məvaciblə ailəsini dolandırardı. Mübarizin "Qulp" verilişində Məmməd Hazimoğlu göyün yeddinci qatından reportaj hazırlayıb, bu millətin, eləcə də özünün vəziyyətini açıb göstərərdi. Onun reportajına qulaq asanlar bəlkə də sadəcə "yaxşı deyir", "haqqını söyləyir" sözləri ilə kifayətlənib, əslində Məmməd Hazimoğlunun sızlayan ürəyinin səsinə və bu səsin bəzən də hıçqırıqlarla əvəz olmasının fərqinə varmazdılar. Çünki Məmməd Hazimoğlu o jurnalistlərdən deyildi ki, dərdini hər kəsin qarşısında anlatsın və imdad diləsin. Məmməd Hazimoğlu dərdini içində çəkən və elə buna görə də için-için ovulan qürurlu jurnalistlərdən idi. Məmməd Hazimoğlu bəlkə də övladlarına gün-güzəran yaratmamış bu dünyadan köçdü. Gözü arxada qaldı. Belə ki, görürəm, hələ gözü arxada qalan çox jurnalistlərimiz olacaq.
Bəli, Məmməd Hazimoğluyla bağlı qurulan planlar elə plan olaraq qaldı. Sabah bəlkə Ceyhunla bağlı hansısa bir təşkilat sıralama tədbirlər planı hazırlasa, ona da inanmayacağam. Çünki həyata keçirilməyəcək...
...Ceyhun ölümüylə yaxınlarını boynubükük qoydu. Bu sırada onun balaca qıcığazı da var. O da Məmməd Hazimoğlu kimi övladı üçün gün-güzəran qura bilmədi. Ancaq qızına yaxşı ad qoyub getdi ki, sabah övladı başını dik tutub gəzə biləcək. Bu isə hər jurnalistə nəsib olmur...