Modern.az

Əflatun Amaşov: "Bu layihə jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edəcək"

Əflatun Amaşov: "Bu layihə jurnalistlərin peşəkarlığının artırılmasına xidmət edəcək"

11 Avqust 2011, 17:08

Media və iqlim dəyişmələri sahəsində növbəti layihənin icrasına başlanıb. “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” adlanan layihə YUNESKO və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir. İcraçı tərəfdaşlar YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi  və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. O, layihənin qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcəyini deyib: “Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsi YUNESKO-nun Moskva Ofisi ilə  2010-cu ilin sentyabrından 2011-ci ilin aprel ayınadək “Iqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının  keyfiyyətinin yaxşılaşdrılması məqsədilə  yayım jurnalistləri üçün təlim” layihəsini həyata keçirib. YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası layihənin uğurla reallaşdırılmasına yaxından dəstək verib. Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda 3 günlük konfrans-seminar keçirilib. “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabça nəşr edilərək yayılıb və www.mediaclimate.org adlı vebsayt hazırlanıb istifadəyə verilib. Layihənin idarə olunması birgə razılıq əsasında Azərbaycan Mətbuat Şurasının üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fonduna həvalə edilib. Veb sayt layihənin davamlılığının təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. BAMF saytın formalaşmasında yaxından iştirak etməklə yanaşı, həm də layihənin həyata keçirilməsinə sonadək dəstək verib. İndi həyata keçirdiyimiz layihədə əsas hədəf təlim proqramının hazırlanmasıdır. Proqramın tərtibində YUNESKO-nun media üçün təlim vəsaitlərinə, o cümlədən ötən il “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində Azərbaycanda nəşr edilmiş “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabçaya istinad olunacaqdır. Burada ölkədə media treninqlərinin xüsusiyyətləri və milli təhsil strategiyasının uyğun müddəalarını özündə əks etdirən tədris modulları da nəzərə alınacaqdır. Bu proqram mediaya təlim keçən qurumlar üçün əyani vəsait olacaqdır”.

Ə.Amaşov elm, jurnalistika və təhsil mütəxəssislərinin layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə Azərbaycan Mətbuat Şurasında müzakirələr apardıqlarını, hazırda bu məqsədlə materiallar toplandığını da deyib.

“Bu ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq. Noyabrda isə təlim proqramının təqdimatı keçirilməsini planlaşdırırıq. Təlim proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulur.Layihənin əhatə dairəsi Bakı şəhəridir və icrası bu ilin dekabrında başa çatacaqdır” - deyə o bildirib.

Xatırladaq ki, əvvəlki layihə çərçivəsində hazırlanmış kitabın və saytın Bakıda keçirilən təqdimatında YUNESKO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç və YUNESKO-nun Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva da iştirak ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal