“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Dağlıq Qarabağın işğalı nəticəsində erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş amansızlıqlar barədə “Kimdir günahkar” adlı ingilis dilində qısametrajlı film hazırlayıb.
Bu günlərdə filmin təqdimatının keçiriləcəyini vurğulayan layihənin rəhbəri Vüsalə Hüseynli bildirib ki, film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında “Qarabağ həqiqətləri: “Kimdir günahkar?” layihəsi çərçivəsində hazırlanıb:
“Biz bu filmin hazırlanmasında komanda şəklində bütün səylərimizi birləşdirərək çalışdıq. Filmin ərsəyə gəlməsi layihənin yüksək keyfiyyətlə tamamlanmasından daha çox Qarabağ probleminin beynəlxalq səviyyədə ictimailəşməsində bu torpağın övladı olaraq vəzifə borcumuz idi, düşünürəm ki, biz bunu edə bildik. Xüsusilə, qeyd etmək istərdim ki, filmdə Qarabağ işğalı nəticəsində zərər çəkmiş, dünyasını dəyişmiş, şikəst qalmış uşaqlarla bağlı xüsusi yanaşma olmayıb. Qısametrajlı sənədli filmdə biz Qarabağın işğalı nəticəsində Xocalı, Kərkicahan və digər faciələrdə amansızcasına qətlə yetirilmiş günahsız uşaqlarla bağlı dünya ictimaiyyətinə müraciət olunub”.
12 dəqiqəlik filmdə bir çox həsas məqamların yer aldığını qeyd edən layihə rəhbərinin fikrincə, yaxın günlərdə filmin geniş təqdimatının keçirilməsi planlaşdırılır və bundan sonra xarici ölkələrdə də filmin təbliği və nümayişi ilə bağlı fəaliyyət planlaşdırılıb.
Mail Ağaxanov