Bir müddət sonra istirahət mövsümü bitəcək, insanlar öz iş-güclərinə qayıdacaqlar. Belə demək mümkünsə, sentyabrdan yeni mövsüm başlayacaq. Bu tendensiya televiziyalarda da hiss olunur. Telekanallar adətən yeni mövsümdə yeni layihələr, yeni verilişlərlə tamaşaçıların diqqətini çəkməyə və daha böyük auditoriya qazanmağa çalışır. Bəzi televizyalar bu istiqamətdə işlərini bitirsələr də, hələ də yeni layihələr üzərində çalışan telekanallar da var.
Modern.az telekanallardan tamaşaçıları yeni mövsümdə hansı yeniliklərlə sevindirəcklərini öyrənməyə çalışıb.
“Xəzər” telekanalından bildirilib ki, artıq onlarda yeni layihələrin efirə verilməsi başlayıb. Belə ki, avqusta ayından efirə gedən “Cənnət” serialı və şənbə günləri yayımlanan “Cinayət və Cəza” kriminal proqramı “Xəzər”in yeni layihələrindəndir.
“Sentyabr ayından isə tamaşaçılarımız “Qaynana” serialını izləyə biləcəklər. Qalan verilişlər, eyni zamanda yayımlanan seriallarımızda heç bir dəyişiklik olmayacaq. Hər şey öz axarında davam edəcək”.
ATV-nin əməkdaşı Mirsalam Mirsalamov isə avqustun 20-dən etibarən tamaşaçıların yeni layihələrlə bağlı anonsları efirdən izləyəcəklərini qeyd edib.
“Yeni mövsümdə yeni seriallar, yeni verilişlərimiz olacaq, köhnə verilişlərimiz isə yenilənmiş formatda tamaşaçılarımza təqdim olunacaq. Ancaq biz indidən onlar haqqında məlumat verə bilmərik. Bunlar gizli saxlanılır” deyə M.Mirsalamov əlavə edib.
İctimai Televiziyanın mətbuat katibi Tahir Məmmədovun sözlərinə görə, yeni mövsümdə İTV-də də yeni layihələr olacaq. Ancaq hansı yeni layihələrin olması hələlik tam dəqiq deyil.
“Hələki yeni layihələrlə bağlı proses gedir. Ancaq sentyabrda televiziyada nə yeniliklərin olacağı tam dəqiqləşəcək”.
ANS-in İctimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov onlarda yeni mövsümdə hansı yeni layihələrin olacağının bir həftəyə dəqiqləşəcəyini deyib.
“Yeni mövsümdə yeni layihələrimiz olacaq. Ancaq bunlar haqqında indidən məlumat vermək istəmirəm, çünki yeni layihələr ancaq bir həftəyə öz təsdiqini tapacaq və ondan sonra deyə bilərəm ki, ANS-də tamaşaçılar yeni mövsümdə yeni nələr izləyə biləcəklər”.
“Azərbaycan Televiziyası və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xatirə Qasımova yeni layihələr barədə ancaq sentyabrda məlumat verə biləcəklərini qeyd edib.
“Bizdə ilboyu yeni verilişlər olur. Eyni zamanda yeni mövsümdə tamaşaçılarımızı yeniliklər gözləyir. Ancaq bu haqda sentyabrdan əvvəl məlumat verə bilmərik”- deyə X.Qasımova əlavə edib.
Aytən ƏLİYEVA