Modern.az

İlham Əliyev: "Onlar heç olmasa götür-qoy etsinlər..."

İlham Əliyev: "Onlar heç olmasa götür-qoy etsinlər..."

Təhsil

13 Avqust 2011, 22:10

”Bu gün ölkə qarşısında duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Torpaqlarımız işğal altındadır. Bu ədalətsizlik əfsuslar olsun ki, uzun illərdir hökm sürür. Baxmayaraq ki, bütün beynəlxalq hüquq normaları, tarixi həqiqət bizim mövqeyimizi dəstəkləyir. Hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsində Azərbaycan Prezident İlham Əliyev bildirib.

Ölkə başçısısın sözlərinə görə, siyasi münasibətlər və bölgədəki siyasi çəkilər Azərbaycanın üstünlüyünü əyani şəkildə sübut edir:

”İqtisadi üstünlük, hərbi üstünlük. Bütün cəhətlərdən Ermənistandan üstünük. Burada qeyd olundu, din xadimləri bunu qeyd etdilər, bizim işimiz haqq işidir. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan ərazilərində yaranıbdır. Biz istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək.
Buna bizim haqqımız çatır. Buna bizim gücümüz də çatır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ qan tökülmədən, sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizdən bir addım geri atmayacağıq. Bizim mövqeyimiz bir daha demək istəyirəm ki, həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir”.

İlham Əliyev xatırladıb ki, dünyada, Avropada, başqa yerlərdə muxtariyyətlər var.

“Muxtariyyətlərin yaxşı təcrübəsi vardır. Biz bu məsələləri dərindən öyrənmişik və Avropada, qabaqcıl ölkələrdə mövcud olan praktikanı burada da tətbiq etməyə hazırıq, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Mən heç şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir”-deyə Prezident vurğulayıb.
 
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunacağına əminliyini belə izah edib:
”Bir daha demək istəyirəm ki, bu əminliyin əsasında bir neçə amil dayanır. Birincisi - beynəlxalq hüquq, ikincisi - bizim siyasi çəkimiz, üçüncüsü - iqtisadi potensial, dördüncüsü - uğurlu gələcəyimiz, beşincisi - demoqrafiya. Ermənistan rəhbərliyi bunu nəhayət anlasın ki, demoqrafiya amili vardır və bu amil bu gün də artıq özünü büruzə verir. Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdır. Ancaq onlar heç olmasa götür-qoy etsinlər, baxsınlar ki, demoqrafik meyillər beş ildən, on ildən sonra, on beş ildən sonra nəyə gətirib çıxaracaqdır. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan əhalisi artır. Azərbaycanda 9 milyonuncu vətəndaş keçən ilin əvvəlində dünyaya gəlibdir və artıq ölkəmizin 9 milyon 160 mindən çox əhalisi vardır. Ermənistanda əhali, iqtisadi potensial, təbii sərvətlər azalır. Bu siyahını davam etdirmək olar. Hər bir sahədə Azərbaycanın üstünlüyü şəksizdir. Belə olan halda bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaqdır. Çox sevindirici hal ondan ibarətdir ki, bu məsələ ilə bilavasitə məşğul olan, vasitəçilik edən ölkələrin dövlət başçılarının bəyanatlarında da bu, açıq–aydın görünür və deyilir ki, status-kvo dəyişdirilməlidir. Status-kvo dözülməzdir və dəyişdirilməlidir. Bunu ən çox istəyən Azərbaycan tərəfidir. Çünki bizim əzəli torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları tezliklə bu torpaqlara qayıtsınlar və Azərbaycanın suverenliyi bərpa edilsin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım