Dahi yapon alimi Kadsudzo Nişinin Sağlamlıq Sistemi sübut edib ki, düzgün yatmaq insan ömrünü uzadır
İnsan həyatının demək olar ki, 1/3-dən çox hissəsi yuxuda keçir. Yuxu ən yaxşı istirahət növlərindən biridir. Amma bu o demək deyil ki, çox yatmaqla çoxlu istirahət etmək olar. Yatmağın da həddi-hüdudu var. Alimlərin fikrincə, hər bir insan sutkada 7-8 saat yatmalıdır. Bəzi insanlar yumşaq yorğan-döşəkdə, qu tükündən düzəldilmiş yastıqda yatmağı xoşlayırlar. Amma sübut olunub ki, yumşaq yerdə yatmaq orqanizm üçün heç də xeyirli deyil, əksinə zərərlidir.
Düzgün yatmağın öz qaydaları var və onlar barədə dahi yapon alimi Kadsudzo Nişinin Sağlamlıq Sistemində bəhs olunub. Həmin sistem barədə məlumatlar yazıçı-jurnalist Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə” kitabında geniş işıqlandırılıb.
Kadsudzo Nişinin Sağlamlıq Sistemindəki qaydalara görə, insanlar yatarkən düz və bərk yatağa üstünlük verməlidirlər. Çarpayı o dərəcədə düz və bərk olmalıdır ki, yatan adamı incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmalıdır ki, üşüməyəsiniz. İnsan çalışmalıdır ki, yataqda arxası üstə və düz uzanmağa nail ola bilsin. Düzdür, uzun illərin pis vərdişlərindən (üzü üstə, yanı üstə, ayaqları büküb yatmaq) yaxa qurtarmaq asan deyil. Amma iradəli olub düzgün yatmaq qaydasına əməl etmək vacibdir. Yapon aliminin təlimilərində də bildirilib ki, bu qaydaya əməl edərkən bir müddət yuxunuz qaçacaq, dərhal yanı üstə çevirilməyə cəhd göstərəcəksiniz. Amma yaddan çıxarmaq olmaz ki, əzab çəkməyə dəyər. Çünki tezliklə bunun mükafatı şirin yuxu, sağlam bədən, sağlam ruh olacaq. Qaydalara görə, arxası üstə yatan şəxsə hərdən yanı üçtə çevirilə bilər. Amma belə edəndə qəddi bükmək, büzüşmək olmaz, başlıcası isə iradəli olub bədəni yenidən arxası üstə uzanmağa məcbur etmək lazımdır.
Arxası üstə yatmağın sağlamlığa nə dəxli ola bilər?
Nişi təlimlərinə görə, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür, bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan rahat yayılır. İkincisi, əzəzələlər yumşalır. Üçüncüsü, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək. Bundan əlavə, bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməyə şərait yaradacaq, qaraciyərin sallanmış vəziyyətə düşməyə qoymayacaq. Bədənin üz qatlarında yerləşən venalar qanı geriyə, ürəyə tərəf rahat qovacaq. Bu da öz növbəsində qaraciyərin fəal işləməsini təmin edəcək. Nəticədə gün ərzində bədənə yığılan gərəksiz maddələr də orqanzimdən xaric olacaq.
Lakin düz və bərk yataqda arxası üstə yatmağın xeyiri bununla bitmir. Belə ki, hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə məruz qalmır, bütün gecəni dincəlir. Yoğun bağırsaq isə qəbizlik kimi böyük bir bəladan azad olur. Yaddan çıxarmaq olmaz ki, fəqərə sütunu orqanizmin ən kövrək, ən tez sıradan çıxan hissəsisidir. İnsanın bel sütununda yerləşən 33 fəqərənin hər biri çox asanlıqla burxulub yana əyilə bilər. Fəqərə burxularkən əsəbləri və qan damarlarını sıxır, nəticədə müxtəlif xəstəliklər baş qaldırır. Müxtəlif fəqərələrin burxulması müxtəlif xəstəliklər yaradır. Məsələn, burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, üzünüz, boynunuz, ağ ciyəriniz, qaraciyəriniz, ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarınız ağrıya bilər.
Nişinin tədqiqatları sübut edib ki, burxulmaya ən çox meyilli olan 1-ci və 4-cü boyun fəqərələri, 2-ci, 5-ci və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir. Buna görə də tibb işçisi olmayan hər kəs bilməlidir ki, insan sağlamlığı həm qidadan, həm də fəqərə sütununun vəziyyətindən asılıdır.
Məhz buna görə də düz və bərk çarpayı lazımdır ki, fəqərə sütunu üfiqi vəziyyətdə qalsın, əziyyət çəkməsin. Kadsudzo Nişi xəbərdarlıq edib:
«Əgər yumşaq yataq xumarlanmağı xoşlayan adamın atrofiya olmasına, iflic vəziyyətə düşməsinə imkan verirsə, xəstəliklər dəvət gözləmədən onun qapısını döyəcəklər. Çünki əsəb telləri sıxılarkən qaraciyərin sekresiyası pozulur, bu da qantəmizləmə işinin pis aparılmasına səbəb olur, qan zibillənir, çirklənmiş qan bütün bədəndə dövran edir. Bunun nəticəsində orqanlar xarab olur, sıradan çıxır».
Bərk və düz yataq isə dərinin də öz yunksiysını düzgün yerinə yetirməsi üçün şərait yaradır. Dəri orqanizmə oksigen və azot buraxan, duzları kənarlaşdıran milyonlarla borudan ibarətdir. Dəri pis işləyəndə, hər şeydən öncə, qaraciyər sıradan çıxır. Düz yataq yoğun bağırsağın yaxşı işləməsi deməkdir. Nişi sisteminin bu qaydası insana azar-bezardan yaxa qurtarmaqla bərabər, xəstələnməmək şansı verir, ona əməl edən həm də qamətli və yaraşıqlı olur.
Kadsudzo Nişinin Sağlamlıq Sistemi təkcə yumşaq yataqdan deyil, həm də yastıqdan imtinanı tələb edir. Çünki yatarkən təkcə bədənin düz vəziyyətdə olması kifayət deyil, boyun fəqərələri də düz olmalıdır. Odur ki, iri və yumşaq balışdan imtina edib, bərk və balaca yastığa mehr salmaq vacibdir.
Onu taxtadan, parçadan, pambıqdan düzəltmək olar. Bu yastığı boyunun altına qoyarkən elə vəziyyət olmalıdır ki, baş döşəyə toxunmasın. Təbii ki, ilk gecələr pis yatacaqsınız, tez-tez yanı üstə çeviriləcəksiniz. Amma tədricən bərk və balaca yastığa alışacaqsınız.
Nişi sübut edib ki, bərk və balaca yastıq burunla nəfəsalmanı yaxşılaşdırır. Bərk yastıq beyin damarlarının aterosklerozunu müalicə edir və beyində qan dövranını yaxşılaşdırır, beyin damarlarında kristala çevirilməkdə olan zərərli maddələri əridir. Bərk yastıq ona görə lazımdır ki, yumşaq yastıqda boynunuz əyilir, ağzınız açıq qalır, nəfəsi ağızdan alırsınız, boğaz ağrısı əmələ gəlir, bəzən isə baş yastıqdan düşür. Bərk yastıqda isə bunlar olmur.
Kadsudzo Nişi sübut edib ki, düzgün yatmaq qaydasına əməl edən insanların həm də ömrü uzanır.
Adəm Qorxmaz