ANS TV-nin bu gün saat 12.00-da efirə verdiyi “Xəbərçi” proqramında Azərbaycanın görkəmli jurnalisti, uzun illər “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri işləmiş Mirzə Xəzərin ağır sürən xəstəlikdən sonra 64 yaşında Bakıda vəfat etdiyi barədə məlumat verilib. Bu barədə ANS-ə məxsus internet saytda da məlumat yerləşdirilib, lakin az sonra xəbər saytdan çıxarılıb.
Modern.az xəbər yayılandan sonra araşdırma aparıb. "Azadlıq" radiosunun Mirzə Xəzərlə əlaqəsi olan əməkdaşları saytımıza bildiriblər ki, xəbər həqiqətə uyğun deyil və Mirzə Xəzər sağdır.
Modern.az saytının məlumatına görə, Mərzə Xəzərin özü bir qədər öncə Facebook sosial şəbəkəsindəki profilində xəbərlə bağlı şərh yazıb: “Mən sağam, salamatam!!!!”.
Mirzə Xəzər daha sonra onun sağlığına şükür edən çoxsaylı Facebook istifadəçilərinə “çox sağ olun. Hansı axmaq yayıb bu xəbəri?” deyə sual edib.
Tanınmış jurnalist Almaniyada, Drezden şəhəriundəki evində oldyğunu bildirib.
Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib.
1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib və İsrailə mühacirət edib. 1976-cı ilin avqust ayında "Azadlıq" radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə "Azadlıq" radiosu Azərbaycan redaksiyasının redaktor müavini vəzifəsində çalişıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşinqtonda "Amerikanın Səsi" radiosunun Azərbaycan bürosunun rəhbəri vəzifəsinində işləməyə başlayıb.
1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, "Azadlıq" radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini icra edib. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil məktəblərində oxuyub:
1975-ci ildə İsraildə Təl-Əviv universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında, 1979-cu ildə Nyu York şəhərinin Hünter kollecində, 1981-ci ildə Böyuk Britaniyanin Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-ci ildə Vaşinqtonda menecərlər üçün ixtisasi artırma kurslarında, 1989-cu ildə isə Boston Universitetində Münxen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub.
Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat yazıları hazırlayıb.
70-ci illərin sonu 80-cı illərin əvvəllərində Mirzə Xəzər İsveçin Stokholm şəhərində Tərcümə İnstitutunun sifarişi ilə Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi Əhdi-Cədid (İncil) ilk dəfə 1983-cü ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr edilməyib.
O, "İncil"i Azərbaycan dilinə tərcümə edənlərdən biridir. Mirzə Xəzərin Azərbaycana ən önəmli xidmətlərindən biri də 1990-cı il yanvar faciəsi zamanı sovet qoşunlarının Bakıya yeridildiyi və respublikanin informasiya blokadası yaşadığı bir zaman canlı yayımda "Azadlıq" radiosunun efirindən baş verənlər barədə məlumatı çatdırması və bu hadisələri Rusiyanın Azərbaycanı istilası adlandırması olub.
Evlidir, üç övladı var.
Modern.az