“Müəllimlərə dövlət qulluqçusu statusunun xüsusi növünün verilməsi ilə bağlı məsələ ola bilsin ki sentyabra qədər tam aydınlığı ilə öz həllini tapsın”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial-Siyasət Komitəsini sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, Prezident müəllimlərə “Dövlət qulluğu statusu”nun verilməsi məsələsini hökümətə tapşırıb: “Nazirlər Kabineti bu işlə məşğuldur. Yəqin ki sentyabra qədər bu məsələ tam aydınlığı ilə öz həllini tapacaq” deyə deputat əlavə edib.
Prezidentin İlham Əliyev bu il aprelin əvvəlində dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Aytən ƏLİYEVA