Məmurlar deputatın işinı qiymət verə bilərmi?
Son zamanlar bəzi rayon və şəhər İcra Hakimiyyəti başçıları açıq şəkildə deputatları hədəf götürüblər. Onlar bir qədər də qabağa gedərək sanki deputatların fəaliyyətini təftiş etmək istəyirlər.
Modern.az-ın məlumatına görə, bu problem ötən çağırış Milli Məclis dövründə də yaşanırdı. Hələ ötən çaırış Milli Məclisin bəzi üzvləri saytımıza bildirmişdilər ki, deputat seçildikləri rayonlarda işləyə bilmirlər. Bunun əsas səbəbi kimi rayon İcra hakimiyyətlərinin başçıları tərəfindən törədilən maneəçiliklər göstərilirdi.
Bəzi deputatlar bildirirlər ki, rayonlarda seçicilərin problemlərinin həlli ilə maraqlananda bu, bəzi yerli məmurların xoşuna gəlmir. Özlərini işlədikləri rayonların sahibi kimi aparan İcra Hakimiyyətinin başçıları deputatları yaxın buraxmaq istəmirlər. Millət vəkilləri deyirlər ki, öz seçicilərinin problemlərinin həllilə məşğul olarkən icra başçıları bunu qısqanclıqla qarşılayır, dolayı yollarla maneçilik törətməyə çalışır, məsələni süründürməçiliyə salırlar, yəni rayonların “kiçik padşahları” elə hesab edirlər ki, deputatlar onların işinə müdaxilə edir.
Araşdırmalar göstərir ki, yerlərdən deputatlara ünvanlanan şikayətlər əsasən sosial problemlərlə əlaqədardır. Həmin problemlərin isə rayon İcra hakimiyyətlərindən qaynaqlandığı heç kimə sirr deyil.
Saytımıza verilən məlumatlara görə, bəzi məqamlarda hansısa nazirə güvənən bir sıra rayon İcra hakimiyyətlərinin başçıları millət vəkilinin telefon zənginə cavab vermir, vaxtlarının olmadığını əsas gətirərək görüşməkdən boyun qaçırırlar.
Belə olan halda deputat ona ünvanlanan hansısa sosial məsələni həll edə bilmədiyinə görə, öz seçicisi qarşısında xoşagəlməz vəziyyətdə qalır. Qeyd edək ki, icra başçısı – deputat münasibətlərinin gərginliyinə dair mətbuatda indiyədək kifayət qədər məlumatlar yer alıb və əksər hallarda həmin informasiyalar deputatlar tərəfindən təsdiqlənib.
Deputatın seçilməsi, parlamentdə formalaşması qaydası və deputatın statusu birbaşa Konsitutsiya ilə müəyyənləşir. Amma İcra hakimiyyətlərinin səlahiyyətləri, onların təyin olunması, onların fəaliyyəti və s. Prezidentin fərmanı ilə təsdiqlənir və tənzimlənir. Ona görə də bu ən azından hüququ bazası baxımından deputatın fəaliyyətilə, icra başçısının fəaliyyətini heç bir yerdə müqayisə eləmək belə, düzgün deyil. Heç onların fəaliyyətini bir yerdə paralel aparmaq belə, düzgün deyil. Deputatın statusu daha böyükdür. İcra başçısının deputata nəzarət eləmək mexanizmi yoxdu. Bu, əslində bütövlükdə hakimiyyətin bölünməsi prinsipinə birbaşa zidd olan məsələdi”.
Hüquqşünas deyib ki, deputat icra başçısının deyil, seçicilərinin, insanların fəaliyyətində İcra hakimiyyətlərinin, məmurların fəaliyyətində qəbul olunan qanunların icrası mexanizmilə bağlı monitorinqlər, araşdırmalar apara, şikayətlər qəbul edə və bununla bağlı Milli Məclisdə məsələ qaldıra bilər: “Əgər bu və ya digər şəkildə hər hansı bir məsələ ortaya çıxarsa, onda nazirliyə, Prezident Adminstrasiyasına deputat sorğuları göndərə bilər. Bu da həmin o icra başçısının fəaliyyətinə ictimai nəzarətin bir formasıdır. Prezident də həmin icra başçısı ilə bağlı tədbirlər görər ki, bəli, icra başçısı vətəndaşları qəbul eləmir, insan hüquqları pozulur. Bu və ya digər məsələlərlə bağlı qanunverici orqanda təmsilçilik baxımıdan deputat icra başçısının fəaliyyətinə nəzarət etmək iqtidarına malikdi. Ancaq bu, birbaşa icra başçısının şəxsi işinə yox, icra aparatının fəaliyyətinə nəzarət etmək imkanıdır və hakimiyyətin mövcüd prinsiplərinə uyğundur”.
Mail AĞAXANOV