Modern.az

Gənclər təşkilatı 80 gənci Qəbələdə topladı

Gənclər təşkilatı 80 gənci Qəbələdə topladı

15 Avqust 2011, 19:04

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ)  “Həm öyrənək, həm istirahət edək” layihəsi çərçivəsində Qəbələyə ekskursiya təşkil edib.

GEMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, ölkənin ictimai həyatında fəal olan, müxtəlif sahələrdə çalışan 80 gəncin iştirak etdiyi ekskursiya avqustun 14-də Bakı-Qəbələ istiqamətində baş tutub.

Gənclər Qəbələnin Nohurgöl, “Sərin meşə” İstirahət Mərkəzi və “Yeddi gözəl” şəlaləsi kimi turizm əhəmiyyətli yerlərində olub, müxtəlif oyunlar və diskussiya təşkil ediblər.

“Sərin meşə” İstirahət Mərkəzində təşkil olunmuş dəyirmi masada GEMİ-nin sədri Sərdar Yusifoğlu bildirib ki, bu səfər 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə keçirilən tədbirlərdən biridir.

“Biz bu səfər çərçivəsində çalışdıq ki, ölkənin elmi-mədəni və ictimai həyatında fəal olan gənclərin həm asudə vaxtlarının səmərəli təşkilinə, həm də onların bir-birini tanıması və fikir mübadiləsi aparmasına şərait yaradaq. Görünür ki, biz buna nail olduq”.

GEMİ-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Əhmədov isə vurğulayıb ki, təşkilatın həyata keçirdiyi “Həm öyrənək, həm istirahət edək” layihəsi yerli turizmin inkişafında böyük əhəmiyyət kəsb edir.

“Belə ki, gənclərimiz ölkəmizin gəzməli-görməli yerləri ilə tanış olduqdan sonra, yerli turizmin təbliğatçısına çevrilirlər. Yaxın gələcəkdə bu tip layihələrdə xarici ölkələrdən olan gənclərin də iştirakını təmin edəcəyik”.

“Müasir Gənclər Şəbəkəsi” İctimai Birliyinin sədri Günel Nəsirova isə söyləyib ki, bu səfər çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər, eləcə də gənc alim və hüquqşünaslarla tanış olub.

“Bu da fikir mübadiləsindən başqa, bizim gələcək fəaliyyətmiz və müxtəlif ortaq ideyaların yaradılması üçün çox önəmlidir”.

Tədbirdə qeyd olunub ki, sözügedən layihə çərçivəsində növbəti tur avqustun 20-də baş tutacaq və Lerikdə gənclər üçün 2 günlük düşərgə təşkil olanaq.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal