Bu gün Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 49 illiyi münasibətilə anım tədbiri keçirilib.
Modern.az-ın məlumatına görə, mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsi, Dağ Yəhudiləri İcması, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və Milli Qəhrəmanın ailə üzvləri iştirak edib.
Tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət ediblər.
Şəhidin qardaşı Rantik Aqarunov çıxışında qardaşının xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür edib.
“Qardaşımın xatirəsinə göstərilən ehtirama görə hər bir kəsə təşəkkürümü bildirirəm. Albert Aqarunov kimi qəhrəmanların olması hər bir xalqın şərəfidir. Azərbaycan torpaqlarını qorumaq hər zaman Albert Aqarunovun arzusu olub. Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsinə hörmətlə yanaşılır, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Mən bu diqqətə və qayğıya görə hər bir kəsə, xüsusuilə Azərbaycan Prezidentinə təşəkkür edirəm”.
Mərasimdə diqqət çəkən məqamlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevin orada olması idi.
Bunun səbəbini soruşduqda o bildirdi ki, komitənin sədri Fuad Muradovun tapşırığı ilə bu tədbirdə iştirak edirlər.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir şəxsin xatirəsi hər zaman anılır. Dövlətimiz tərəfindən şəhidlərə, qazilərə və onların ailələrinə hər zaman qayğı, diqqət göstərilir. Belə bir deyim var:”Şəhidlər ölməz, vətən bölünməz!”. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Azərbaycan tolerant bir dövlətdir. Azərbaycan kimi ölkədə yaşamaq hər bir kəs üçün qürurdur. Azərbaycan üçün milliyətindən asılı olmayaraq hər bir vətəndaş canını belə verməyə hazırdır. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da milliyətcə yəhudi olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olub. Vətən uğrunda şəhid olanlar heç bir zaman unudulmayacaqlar”.
Dağ Yəhudiləri Dini İcmasının sədri Melix Yevdayev qeyd edib ki, həyatda iki şeyin üzünə düz baxmaq olmur.
“Günəşin və ölümün. Yalnız qəhrəmanlar ölümün üzünə düz baxırlar. Qəhrəmanlar ölmürlər, onlar əbədi olaraq bizlərin qəlbində yaşayırlar. Belə bir deyim var: Qalarsa, göy bəyənsin, ölərsə, yer bəyənsin. Şəhidlərimizi isə həm yer, həm də göy bəyənir. Onlar əməlləri və olümləri ilə tarix yazıblar. Azərbaycandakı tolerantlıq bir çox dövlətlərə nümunədir. Bizim belə möhtəşəm görüşlərdə birlikdə olmağımız dostluğumuzun, qardaşlığımızın qədimliyini göstərir. Albert Aqarunov sizin oğlunuz, bizim də qardaşımız idi, onun ömrü bizlərə örnəkdir. Onun xatirəsinin əbədiləşdirilməsi üçün hər şey edirik. Cənab prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun dəstəyilə bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adına Bakı şəhərinin Nərimanov rayonunda küçə verildi. Hazırda biz bu küçənin açılışına hazırlaşırıq. Dədə Qorqud Milli Fondunun təşkilatçılığı ilə onun adına mükafat hazırlanır. Bu gün biz onun xatirəsini anırıq. Müqəddəs Tövratı oxuyub onun ruhuna dualar edəcəyik”.
Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb. A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Anım mərasimində iştirak etmək üçün İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rançik Aqarunov jurnalistlərə açıqlamasında qardaşını unutmadıqlarına görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.