“Dindarların həbsi İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməsinin nəticəsidir”. Bu fikri Modern.az-a Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbasli deyib: “Dindarların təqib altında qalmağının əsas səbəbkarları İranın siyasi ayətullahları və İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadinin ölkə prezidentini hədələməsidir”.
T.Abbaslı deyib ki, İran bu müdaxiləni məqsədli şəkildə edir:
“Bu qənaətdəyəm ki, İran Azərbaycanda siyasi məqsədlərini gerçəkləşdirmək üçün dindarlardan istifadə etməyə çalışır. Buna tam nail olmayanda isə ünvanlı bəyanatlar verirlər. Bununla da bir neçə məqsəd güdürlər.
1. Ölkə daxilində xüsusən dindarlarla hakimiyyət arasında düşmənçilik yaransın (buna qismən nail olublar).
2. Ölkə daxilində nifrət, qarşıdurma və çaxnaşma yaransın...
3. Dindarları bir dəfəlik aradan götüzdürməklə ölkəmizə qarşı apardıqları qeyri-islami, insani siyasətə bəraət qazandırsın...
4. İranda ölkəmiz haqqında düşmən obrazı yaransın”.
“İranın siyasi hakimiyyətinin ölkəmizin daxili işlərinə müdaxiləsi biz dindarları narahat etməyə bilməz” deyən AİDP sədri hesab edir ki, hakimiyyət İranın müdaxiləsindən dolayı dindarları həbs etməklə əslində İran hakimiyyətinin niyyətinin gerçəkləşməsinə səbəb olur: “Dindarların tutulmasını yaxşı hal hesab etmirəm. Məncə dindarlarla belə rəftar hakimiyyətə və dövlətçiliyə inamı sarsıda bilər”.
“Təəssüflər olsun ki, ölkəmizdə istər iqtidar, istərsə də müxalifət, millətçi kəsim, cəmiyyətin digər təbəqələrində İslam dininə biganəlik, laqeyidlik və düşmənçilik var” deyən T.Abbaslı ölkə rəhbərliyini bəzi dindarların məsuliyyətsiz çıxışlarını dinin və dindarların dövlətimizə, ölkəmizə və hakimiyyətə düşmənçilik kim qəbul etməməyə çağırır: “Xəbərdalıq etməklə, dindarların azad olunmasını istəyirik”.
Modern.az