Türkiyənin Ali Seçki Şurası sədri Sədi Güvən erkən parlament seçkilərindəki səsvermənin şəffaf qaydalarda həyata keçirilməsi üçün bütün lazımi tədbirlərin alındığını bildirib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Sədi İnam bütün siyasi partiyalardan nümayəndələrin bütün seçki orqanlarında iştirak etməsini istəyib: “ Belə olacağı təqdirdə heç bir problem yaşanmaz. Onsuzda ola bilməz, ancaq belə olduğu halda bütün vətəndaşların ürəyi rahat olar”.
Sədi Güvən bütün partiyaların seçdiyi nümayəndələri indidən seçkilərə hazırlaşdıracağını da bildirib: “ Həmin gün vəzifə başında olacaq nümayəndələrini göndərsinlər, təlim keçək. Seçki başlamamışdan əvvəl seçki nəticələri ilə bağlı insanlarda əsası olmayan fikir formalaşdırmağın mənası yoxdur. Seçkilər etibarlı əllərdədir. Seçicilər təkrar səs verə bilməz, saxtakarlıq edə bilməz. Bu və başqa heç bir təhlükə olmadığı yerdə mübahisə yaratmağa dəyməz, biz bütün tədbirləri həyata keçiririk”.