Modern.az

Aşıq Hüseyn Bozalqanlının II cildlik külliyyatı çap olunub  

Aşıq Hüseyn Bozalqanlının II cildlik külliyyatı çap olunub   

30 Aprel 2018, 15:18

Aşıq sənətinin tanınmış nümayəndəsi, görkəmli söz ustadı, aşıq poeziyasının dərin bilicilərindən biri Aşıq Hüseyn Bozalqanlının seçilmiş əsərlərindən ibarət II cildlik külliyyatı yenidən təkmilləşdirilmiş variantda işıq üzü görüb. Budəfəki nəşrdə aşığın yeni əldə olunan şeirləri də kitaba əlavə edilib. Kitabları tərtib edən, şərhlərin müəllifi Fəxrəddin Quliyev, Ələddin Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Tinatin Məmmədovadır. Aşıq Hüseyn Bozalqanlının seçilmiş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 09.01.2015-ci il tarixli iclasının 1 saylı protokolunun qərarı ilə çap olunub.

  Kitabın I cildində tanınmış aşığın ustadnamələri, divaniləri, ürfan şeirləri, təcnisləri, dodaqdəyməzləri, gəraylıları, gözəlləmələri, müxəmməsləri, deyişmələri yer alıb. Kitabın II cildində aşığın yaratdığı dastanlar və “Koroğlu” dastanın dərin bilicisi kimi sağlığında çapa verilmiş variantları, “Qara Tanrıverdi”, “Nəriman”, “Aşıq Hüseynin Gəncə səfəri”, “Hacı Tağı”, “Aşıq Hüseynin Tiflis səfəri” və digər dastan, rəvayətlər işıq üzü görüb.

Aşıq Hüseyn Bozalqanlı dövrünün tanınmış el aşığı olmuş və Səməd Vurğun, Osman Sarıvəlli, Mirzə İbrahimov, Vəli Xuluflu kimi digər dövrünün qabaqcıl insanları ilə sıx ünsiyyətdə olub. Aşığın Aşıq Ələsgərlə, Aşıq Əlimərdanlı Nəcəflə, Xəyyat Mirzəylə, Mirzə Səmədlə, Şair Vəli Bozalqanlı və digər söz sərrafları ilə deyişmələri günümüzdə aşıqların repertuarında oxunur.

 

Mahmud Əyyublu,

AAB-nin üzvü

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi