Modern.az

Deputat: "Azərbaycan Qəbələ RLS-lə bağlı təklifi nəzərdən keçirir və müvafiq qərar veriləcək"

Deputat: "Azərbaycan Qəbələ RLS-lə bağlı təklifi nəzərdən keçirir və müvafiq qərar veriləcək"

Parlament

17 Avqust 2011, 16:10

“Azərbaycan heç bir zaman öz mülkiyyəti olan Qəbələ RLS-dən qonşu dövlətlərin, xüsusilə müttəfiqlərinin maraqlarına zidd istifadə olunmasına yol verməyib və bundan sonra da verməyəcək”. Modern.az saytı xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə YAP-nın rəsmi saytına açıqlamasında deyib.

Millət vəkili  bildirib ki, gələn il bu stansiyaya dair müqavilənin müddəti bitdiyi üçün tərəflər müqavilənin şərtlərini yenidən nəzərdən keçirirlər: “Azərbaycan tərəfi qiymətlərin, eləcə də situasiyanın xeyli dərəcədə dəyişdiyini nəzərə alaraq qiymətlərin artırılması və bir sıra məsələlərlə bağlı öz təkliflərini irəli sürüb. Rusiya tərəfi bu təklifləri qəbul edib öz daxılində müzakirə etməkdədi. Eyni zamanda, Rusiya tərəfindən Qəbələ RLS-in modernləşdirilməsi ilə bağlı təkliflər daxil olub. Bu təklifi mülkiyyət sahibi olaraq Azərbaycan nəzərdən keçirir və müvafiq qərara gəlinəcək».

Millət vəkilinin fikrincə, Qəbələ RLS-dən istifadə Azərbaycan və Rusiya arasındakı münasibətlərin strateji tərəfdaşlığın göstəricisidir və bundan sonra tərəflər bu münasibətləri daha da inkişaf etdirmək əzmindədir: “Həmçinin, Azərbaycan mülkiyyət sahibi kimi günün tələblərinə uyğun qiymətlər ortaya qoymağa və onun istifadəsində öz maraqlarının tam nəzərə alınmasını qarşı tərəfdən tələb etmək hüququna malikdir. Bütün bunlar təklif formasında qarşı tərəfə təqdim edilib. Bəzi ekspertlər Qəbələ RLS-dən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyaya qarşı bir təziyq vasitəsi kimi istifadə edilməsinə dair fikirlər səsləndirirlər. Amma bunlar qeyri-ciddi təkliflərdir. İş burasındadır ki, bir məsələni digəri ilə bağlamaq düzgün deyil. Dağlıq Qarabağ problemi çoxaspektli, dərin və beynəlxalq səviyyəli bir məsələdir. Kiçik bir stansiyanın vasitəsilə münaqişənin həllini gözləmək sadəlöhvlük olardı. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi aydındır. Azərbaycan öz prinsipial mövqeyini bütün görüşlərdə səsləndirir və burada Rusiya tərəfinin mövqeyimizi qəbul etdiyi bizi razı salan şərtlərdəndir. Bu baxımdan, Azərbaycan hər bir məsələni ilk növbədə özünün və regionun maraqlarına uyğun həll etməyə çalışır. Qəbələ RLS-lə bağlı yeni müqavilədə də bu amillərin nəzərə alınacağı şübhəsizdir»- deyə komiə sədrinin müavini vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı