Modern.az

Nazirlik Göy-göl Milli Parkına girişin məhudluğunun səbəblərini açıqlayıb

Nazirlik Göy-göl Milli Parkına girişin məhudluğunun səbəblərini açıqlayıb

Təhsil

17 Avqust 2011, 18:10

“2011-ci ilin 6 ayı ərzində Milli Parklara 1800-dək turist daxil olub. Onların 35 faizini 17 yaşınadək olan vətəndaşlar təşkil edib. Turistlərn 33 faizi xaricilər, 67 faizi isə yerli vətəndaşlar olub”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, keçən il Milli Parklara gələn turistlərin sayı 2000 nəfər olub. Bunun da 30 faizə qədərini 17 yaşadək vətəndaşlar, 38 faizini xarici turistlər, 62 faizini isə yerli vətəndaşlar təşkil edib.

H.Əlizadə Azərbaycanın Milli Parklarına ekoturist qismində gələn xarici vətəndaşlar arasında daha çox Almaniya vətəndaşlarının üstünlük təşkil etdiyini vurğulayıb.

Direktor müavini eyni zamanda Milli Parklara giriş qaydaları barədə də məlumat verib. Belə ki, “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri haqqında” 2000-ci il 24 mart tarixli Qanunun  42-ci maddəsinin 2-ci abzasına əsasən, fiziki və hüquqi şəxslər elmi, mədəni, tədris, turizm və rekreasiya məqsədləri ilə xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadəni ödənişli əsaslarla həyata keçirirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 iyun 2006-cı il tarixli 346 nömrəli əmri ilə təsdiq edilən  «Milli Parklara girişə görə ödəniş, tətbiq edilən güzəşt və imtiyazlar»a dair Təlimata əsasən, vətəndaşlar və hər hansı imtiyazı olmayan şəxslər milli parklara bilet almaq yolu ilə daxil olur və onların dəyəri aşağıdakı kimidir:

Azərbaycan vətəndaşları üçün - 2 manat (bir nəfərlik)

Xarici vətəndaşlar üçün - 4 manat (bir nəfərlik)

Məktəbəqədər və məktəbyaşlı uşaqların, maarifləndiriji məqsədlə elmi müəssisələrin təşkil etdiyi səfərlərin iştirakçılarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda xidmətləri olan şəxslərin Milli Park ərazilərinə səfəri zamanı ödəniş tələb olunmur”.

H.Əlizadə eyni zamanda qeyd edib ki, Milli Parklara daxil olan vətəndaşlar giriş zamanı şəxsiyyətlərini təsdiq edən sənəd barədə məlumatları təqdim etməli və hər bir Milli Park üçün fərdi müəyyən edilmiş daxili davranış qaydalarına əməl etməlidir (bəzi hallarda bu barədə Milli Parkın girişində turistlərdən iltizam alınır).

“Milli Parkların yüksək dağlıq ərazilərdə yerləşən ərazilərinə turistlərin giriş-çıxışı xüsusi Qaydalarla təsdiq olunur və bu Qaydalar Nazirliyin 06 iyul 2011-ji il tarixli 406/ü saylı Əmri ilə təsdiq edilib. Onunla daha ətraflı tanış olmaq üçün Nazirliyin www.eco.gov.az saytına daxil olmağınızı tövsiyə edirik” deyə müsahibimiz əlavə edib.

Hikmət Əlizadə hazırda Göy-göl Milli Parkına girişin mümkün olmaması ilə bağlı məlumatlara da aydınlıq gətirib. O bildirib ki, Göy-göl Milli Parkının ərazisində hazırda turist marşrutlarının tam müəyyən olunmaması və Milli Parkının infrastrukturunun qurulması işlərinin aparılması ilə əlaqədar turistlərin girişinə məhdudiyyət qoyulub:
“Eyni zamanda ərazidə «N» saylı hərbi hissənin bölmələrinin yerləşməsi səbəbindən gələcəkdə buraya turistlərin buraxılışı üçün xüsusi Qaydaların işlənilməsini zəruri edir”.

Azərbaycanda 8 Milli Parkın olduğunu vurğulayan direktor müavini hazırda yeni Milli Parkların yaradılması istiqamətində də işlərin aparıldığını vurğulayıb: “Almaniyanın dəstəyi ilə hazırda ölkənin şimal sərhədlərində “Samur-Yalama” Milli Parkının yaradılması ilə əlaqədar intensiv işlər aparılır. Bununla yanaşı, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilməklə Qızılağac Dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulub”.

Bu sahəyə turistləri necə cəlb etməyin lazım olduğuna gəlincə, Hikmət Əlizadə söyləyib ki, Milli Parkların maddi-texniki bazasının formalaşması və inkişafı ekoturizmin bilavasitə inkişafına səbəb olmaqla yanaşı turistlərin  cəlb edilməsində xüsusi rol oynayır . O qeyd edib ki, bununla əlaqədar Milli Parklarda turistlərin maraqlarına uyğun olaraq aşağıdakı infrastruktur işləri aparılır:

Məlumat (vizit) mərkəzlərinin  tikintisi və onların Milli Parkların xüsusiyyətlərini əks etdirən vasitələrlə təchizatı;

Ekoloji cığırların, turist marşrutlarının, müşahidə qüllələrinin təşkili və texniki təchizatı;

İstirahət obyektlərinin və dayanacaqların, kempinqlərin və qonaq evlərinin tikintisi;

Məişət tullantılarının və  suyun təmizlənməsi üçün müvafiq vasitələrlə təchiz edilməsi;

Ərazidə turistlərin istirahəti və dincəlməsi üçün zəruri vasitələrlə təchizat;

Müxtəlif yaş qruplarına uyğun olaraq maarifləndirici vasitələrlə təminat;

Son olaraq direktor müavini vurğulayıb ki, turistlərin Milli Parklara cəlb edilməsində təbliğat vasitələrinin də rolu böyükdür ki, bu istiqamətdə də işlər təşkil olunur.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım