Alanya bələdiyyəsi tərəfindən Alanya Müəllimlər evində səhid və qazilər ilə yaxınlarının şərəfinə verilən iftar yeməyinə Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu da qatılıb.
Yeməkdən sonra mətbuata açıqlama verən Çavuşoğlu Hakkarinin Çuxurca bölgəsində baş verən terror hadisəsinə də münasibət bildirib. Türkiyə Respublikasının güclü dövlət olduğunu deyən Çavuşoğlu qeyd edib ki, terror aktları törədən PKK-çı canilər istədikləri hədəfə çatmayacaqlar.
Son günlər terror hadisələrində ciddi yüksəlişin olduğunu bildirən AŞPA-nın sədri deyib: “Xüsusilə mübarək Ramazan ayında əli qanlı terrorçuların heç bir insani, vicdani və də inancımıza uyğun olmayan şəkildə terror aktları törətdiklərini görürük. Bu zalımları Avropa İnsan Hüquqları və Avropa Şurası Parlament Assambleyası olaraq da qınayır və lənətləyirik. Türkiyə güclü bir dövlətdir və həmin canilər də bilsinlər ki, istədikləri hədəflərə çatmayacaqlar. Onlar ancaq günahsız insanları öldürürlər. Türkiyə Respublikasına və dövlətinə heç bir zərər verə bilməzlər, birlik və bərabərliyimizi poza bilməzlər. Səbəbi nə olursa olsun, terror insan haqlarının ən böyük düşmənidir”.
Modern.az