Modern.az-ın məlumatına görə, bu gün Azərbaycan Media Mərkəzində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru, hüquq müdafiəçisi Ələkbər Məmmədovun təşkilatçılığı ilə “AzİnKo” tikinti şirkəti ilə Azadlıq prospekti 154 ünvanında yaşayan sakinlərin problemlərilə bağlı mətbuat konfransı keçirilib.
Ə.Məmmədov Azərbaycanda mülkiyyət hüququnun pozulması hallarının geniş vüsət aldığını diqqətə çatdıraraq, artıq vəziyyətin beynəlxalq təşkilatların də diqqətini çəkdiyini bildirib. Qeyd edib ki, xüsusən Bakı şəhərində yaşayış binalarının sakinlərinə kompensasiya ödəmədən söküntü işlərinin aparılması insanlar arasında narazılığı daha da kütləviləşdirib.
Hüquq müdafiəçisi Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti 154 ünvanındakı 16 mərtəbəli yaşayış binasında əhalinin qeyri-qanuni köçürülməsindən söhbət açaraq deyib ki, ötən ilin dekabr ayından başlayaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Yusif Qəmbərov əlində heç bir əsas və rəsmi sənəd olmadan sakinlərə yaşayış binasının dövlət ehtiyacları üçün söküləcəyini bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, Y.Qəmbərov bina sakinlərini razı salmaq əvəzinə onları təhdid edib, zor gücünə mənzilləri boşaltmaq istəyib:
“Sakinlərin dediyinə görə, Y.Qəmbərov onlara hədə-qorxu gələrək onları ƏMDK-nin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənova məxsus “AzİnKo” tikinti şirkəti tərəfindən inşa edilən binalara köçürmək istəyib. Lakin əhalinin narazılığından sonra bu proses yarımçıq saxlanılıb. Cari ilin iyul ayının 26-da isə özünü köçürmə komissiyasının yeni sədri kimi qələmə verən Şahmar İbadov vətəndaşlarla görüşməyə başlayıb. Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Ş.İbadov da bina sakinlərini qanunamüvafiq şəkildə deyil, zor tətbiqetmə, hədə-qorxu gəlmə yolu köçürməyə cəhd edib. Bildirib ki, nəyin bahasına olursa-olsun bina söküləcək. Təklif edilən şərtlərlə razılaşmayan sakinlər isə öz mənzillərindən çölə atılacaq”.
Bina sakini Rafael Quliyev hüquq müdafiəçisinin söylədiklərini təsdiqləyərək əlavə edib ki, Ş.İbadov qeyri rəsmi şəkildə çayxanada bina sakinlərini bir-bir qəbul edərək dilə tutmağa çalışıb. Onun təklifi ilə razılaşmayanları isə başına olmazın oyun açacağı ilə hədələyib:
“Avqustun 11-də biz bina sakinləri İbadovun vətəndaşları təhqir etməsi, hədə-qorxu gəlməsi barədə akt tərtib edib Nərimanov rayon prokurorluğuna göndərmişik. Bundan 5 gün sonra, yəni avqustun 16-da naməlum şəxslər tərəfindən binamızın divarlarının söküldüyünü görüb dərhal polisə müraciət etmişik. Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə vəziyyət nəzarət altına alınıb və aktlaşma aparılıb. Məlum olub ki, təmizlik adı altında fəhlələrə binada söküntü işləri aparmaq tapşırılıb. Bununla sakinləri evlərini boşaltmağa məcbur etmək istəyiblər. Vəziyyətlə bağlı Nərimanov rayon Polis Bölməsinə, Ombudsmana və digər rəsmi qurumlara da müraciət etmişik. Əgər həqiqətən də yaşadığımız bina dövlət ehtiyacı üçün sökülməlidirsə, o zaman bizə hər hansı rəsmi sənəd göstərilsin. Həmin rəsmi sənəddə vətəndaşların razı salınması üçün ayrılan vəsaitin miqdarı göstərilsin. İbadov sakinlərlə görüşdə deyib ki, dövlət bizim binamızın söküntüsünə 20 milyon manat vəsait ayırıb. Əgər binada 218 mənzilin olduğunu nəzərə alsaq, orta hesabla hər bir otağa 40-44 min manat dəyərində konpensasiya düşür. İstəmirik ki, ƏMDK qanunla bizə düşən konpensasiyanı özünə götürsün. Onlar bunun əvəzində bizə “AzİnKo”nun Nərimanov metrosu yaxınlığında Əliyar Əliyev 26 ünvanında tikdiyi 22 mərtəbəli binada ev təklif edirlər. Həmin evlər isə yaşayış üçün yararlı deyil. Həmin mənzillər dövlət qeydiyyatına alınmayıb. Üstəlik orada yaşamaq üçün gərək mənzillərdə əsaslı təmir işləri aparılsın”.
Mətbuat konfransında bina sakinlərindən İlham Adilov, Yanina İsgəndərova, Zemfira Mirtağıyeva və başqaları da çıxış edərək, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ş.İbadovun onları zor gücünə mənzillərindən çıxarmaq üçün yol verdiyi qeyri-qanuni əməllərdən danışıblar.
Sonda Anar Babayev Nərimanov rayonu Azadlıq prospekti 154 ünvanındakı 16 mərtəbəli yaşayış binasının sakinləri adından hökumət nümayəndələrinə ünvanlanan müraciəti oxuyub. Müraciətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin ölkəmizin hər bir vətəndaşının şəxsi mülkiyyətinin toxunulmazlığının qarantı olduğu vurğulanıb. Bildirilib ki, Konstitusiyanın 29-cu maddəsinə əsasən, yalnız məhkəmənin qərarı ilə və mülkiyyətin qiymətinə uyğun ədalətli konpensasiya ödəniləcəyi təqdirdə vətəndaşın mülkiyyətinə toxunula bilər:
“Əgər hökumət nümayəndələri bizi evimizdən çıxarmaq istəyirlərsə, qoy bunu qanun çərçivəsində etsinlər. Məhkəmənin qərarı olmadan heç kəsin bizi şəxsi evimizdən çıxarmaq hüququ yoxdur. Bügünkü gündə bizə qarşı və mənzillərimizlə bağlı həyata keçirilən tədbirlər qeyri-qanunidir. Biz dövlətin bu işə müdaxilə etməsini və Yusif Qəmbərov, Şahmar İbadov, eləcə də onlara himayədarlıq edən bütün dövlət məmurlarının cəzalandırılmasını tələb edirik. Çünki məhz bu cür məmurların günahı ucbatından beynəlxalq ictimaiyyət Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham edirlər”.
Hüquq müdafiəçisi Ələkbər Məmmədov bina sakinlərinin mülkiyyət hüququnun qorunması üçün aidiyyatı dövlət orqanlarına və dövlət başçısına müraciət olunacağını bildirib.
Rufik İSMAYILOV