AŞPA-nın qarşıdan gələn payız sessiyasında qurumun siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin bundan sonrakı fəaliyyətinə aydınlıq gətiriləcək.
Bu barədə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib. O, APA-ya bildirib ki, AŞ PA-nın sentyabrın 15-də başlayacaq sessiyasında Azərbaycan tərəfi məsələylə bağlı özünün birmənalı mövqeyini ortaya qoyacaq:
“Biz bu məsələdə ikili standardlara son qoyulmasını tələb etmək və mövcud olmayan məsələlərdən təzyiq kimi istifadə cəhdlərini mühakimə etmək niyyətindəyik”.
Səməd Seyidov həmçinin bildirib ki, bu məsələyə dair Azərbayan tərəfinin mövqeyi sentyabrın 8-də Parisdə AŞPA-nın insan hüquqları komitəsinin iclasında da açıqlanacaq. Komitənin iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun ölkəmizə səfərinin tarixi bəlli olacaq.
Xatırladaq ki, cari ilin payızında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin səlahiyyət müddəti başa çatır.
Modern.az