Modern.az

Aslan Aslanov “Şöhrət” ordeni ilə təltif edildi

Aslan Aslanov “Şöhrət” ordeni ilə təltif edildi

18 Avqust 2011, 19:20

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aslan Əhməd oğlu Aslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 18-də AzərTAc-ın baş direktoru Aslan Aslanovun 60 yaşı tamam olub.

A.Aslanov 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1975-ci ildən 1990-cı ilədək Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində, 1990-cı ilin dekabrından 1992-ci ilin noyabrınadək "Xalq qəzeti"ndə işləyib. 1992-ci ildə AzərTAc-da müxbir kimi işə başlayıb. 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə AzərTAc-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə baş direktoru təyin olunub. 1993-cü ildən 2002-ci ilədək Heydər Əliyevin xarici ölkələrə səfərlərinin əksəriyyətində AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib.

2000-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, 2005-ci ildə "Tərəqqi" medalı, 2010-cu ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Jurnalistika sahəsində Həsən bəy Zərdabi adına və "Qızıl qələm" mükafatlarının laureatıdır.

"Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş onlarla məqalənin müəllifi, çoxsaylı kitabın redaktorudur.

1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2007-ci il dekabrın 12-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Cakartada keçirilən 13-cü Baş Assambleyasında bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin büro üzvü seçilib. 2006-cı ildən Dünya Azərbaycanlılarının Əlalqələndirmə Şurasının, 2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının üzvüdür.

2010-cu ildə Rusiya Elmlər Akademiyası Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Bişkekdəki Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi