ABŞ prezidenti Barak Obama Suriyanın dövlət başçısı Bəşər Əsədi istefaya çağırıb. Obama bəyanatında Əsəd hökumətinin dinc suriyalılara qarşı hücumlarını “rüsvayçılıq” adlandırıb. Barak Obama bildirib ki, Bəşər Əsədin artıq getmək vaxtıdır. Bundan əvvəl ABŞ dövlət katibi Hillari Klinton və digər rəsmilər B.Əsədin bir rəhbər kimi legitimliyi və etibarını itirdiyini desələr də, istefa çağırışları etməmişdilər.
Modern.az xarici mətbuata istinadən bildirir ki, İngiltərə, Fransa, Almaniya və Avropa Bİrliyi də Suriyanın dövlət başçısına istefa çağırışı edən ABŞ-a dəstək verib. Suriyada demokratik çevrilmənin başladığını vurğulayan ABŞ prezidenti isə xalqın xarici müdaxiləyə isti baxmamasına hörmət etdiklərini deyib.
Obama öz çıxışında "Suriya xalqının yaxşılığı üçün Bəşər Əsədin vəzifədən ayrılma zamanı gəlmişdir" deyib.
Suriya hökumətinin ABŞ-dakı hesablarının dondurulduğunu deyən Obama Amerika vətəndaşlarının Suriyada sərmayə qoymasını və bu ölkədən neft idxalatını da qadağan edib.
Beləcə Obama Suriya liderinə vəzifəsini buraxması üçün ilk açıq çağırışını etmiş oldu.
Obamanın istefa çağırışından qısa bir müddət sonra İngiltərə baş naziri Devid Kemeron, Fransa prezidenti Nicola Sarkozi və Almaniya kansleri Angela Merkel də Bəşər Əsədin artıq vəzifəsini buraxması lazım olduğunu bildirib.
Kemeron, Sarkozi və Merkelin ortaq şərhində "öz xalqına qarşı vəhşicəsinə əsgəri gücdən istifadə edən Əsədin artıq ölkəsinə liderlik edə bilməyəcəyinə inanırıq" deyilib.
Modern.az