Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna gedib
Dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib.
***
İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.
Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə barədə məlumat verib.
Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. Xızı rayonunda yüksək məhsuldarlığa malik su mənbələri olmadığından yaşayış məntəqələrinin su təchizatının müxtəlif mənbələr hesabına təmin olunması layihələndirilib.
Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb.
***
Azərbaycan Prezidenti mayın 4-də Xızı rayonuna səfəri çərçivəsində başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov əsaslı şəkildə yenidən qurulan yolun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.