“Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunlar qəbul edərkən onların maliyyə təminatı barədə də bizə məlumat verilməlidir”
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında göstərilib ki, ölkədə 620 min əlil var,onların 72 mini 18 yaşa qədər olan uşaqlardır.
“2014-2018-ci illərdə əlillələrin mənzil təminatı ilə bağlı Prezident sərəncam imzalayıb. 2018-ci ilin sonuna qədər 5731 əlilin mənzil təminatı həll olunmalı idi.
Dövlətin bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin etmək imkanı yoxdursa, o zaman biz bu qanunu niyə qəbul edirik? 5731 nəfərdən neçəsinin evlə təmin edilib? Nazir müavini xahiş edirəm bu barədə məlumat versin. Nazirliyin saytında bu rayonlar üzrə qeyd edilib.
Mən Zərdab rayonu üzrə rəqəmlərə baxdım. Məlum oldu ki, ötən il 67 nəfər ev növbəsinə durub, cəmi 7 nəfər evlə təmin edilib. Bu hüququ onlara verib evlə təmin etməyəcəyiksə, həmin şəxsləri dövlət orqanlarının qapısında qoymağa ixtiyarımız yoxdur.
Bu tipli qanunlar müzakirəyə çıxarılarkən əlillərin sayı, onların mənzillə təminatı üçün hansı işlər görüləcəyi barədə məlumat verilsin”.