ABŞ Dövlət Departamenti ilə birgə təsis olunmuş Azərbaycan-ABŞ Mədəniyyət və Təhsil Mübadiləsi Proqramı çərçivəsində Azərbaycanda səfərdə olan ABŞ konqrsmen köməkçiləri ilə Milli QHT Forumunda (MQF) görüş keçirilib.
MQF-nin prezidenti Rauf Zeyni vətəndaş cəmiyyəti haqqında qonaqlara məlumat verib. Görüşdə iştirak edən QHT nümayəndələri özlərini təqdim etdikdən sonra qonaqların vətəndaş cəmiyyəti mühiti, QHT-hökumət münasibətləri, QHT-lərin milli və beynəlxalq donorlar tərəfindən maliyyələşdirilməsi, beynəlxalq əməkdaşlıq və digər məsələlərlə bağlı suallarını Rauf Zeyni, Aydın Kərimov, Umud Rəhimoğlu cavablandırıb.
Rauf Zeyni Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması istiqamətində ABŞ prezidenti Barak Obamanın səylərini Azərbaycan ictimaiyyətinin müsbət qiymətləndirdiyini qeyd edib. Onu da vurğulayıb ki, ölkə ictimaiyyəti, QHT-lər bu səylərin kifayət qədər olmadığı fikrindədir. Konqresmen köməkçiləri “Nə təklif edirsiniz?” deyə müraciət etdikdə cavab olaraq Rauf Zeyni öz təklifini bildirib ki, ABŞ Konqresi və Senatoru, o cümlədən prezident Barak Obama bu konfliktin həlli istiqamətində səylərini artırmalıdır. ABŞ ictimaiyyəti və rəhbərliyi Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz işğal haqqında daha geniş məlumat əldə etməlidir. Sonda qonaqlar bildiriblər ki, Konqresmenlərin özlərinin də Azərbaycana səfərə gəlmələri məqsədəuyğun olar ki, bu barədə sizin özünüzdən məlumat alsınlar. Rauf Zeyni MQF-yə qonaq gəldikləri üçün qonaqlara öz təşəkkürünü bildirdi və işlərində uğurlar arzuladı.
Modern.az