“Ağcabədidə 556 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli bina tikilir”. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin rəhbəri Elçin Qədimov deyib. Onun sözlərinə görə, həmin ərazidə eyni zamanda 1 ədəd 360 şagirdlik məktəb binası, 50 yerlik uşaq bağçası, 1 inzibati bina və klub, icma mərkəzi tikiləcək.
Tikinti işlərinin sürətlə getdiyini deyən E.Qədimov bu ilin sonuna kimi binaların istifadəyə veriləcəyini qeyd edib.
“Ümumiyyətlə bizdə hər il 3 belə obyektin açılışı olur. Bu il isə Goranboy, Ağcəbədi, Mingəçevirdə məcburi köçkün ailələri üçün qəsəbələr tikilir. Artıq Ağcəbədidəki məcburi köçkünlər üçün tikilən qəsəbə bitmək üzrədir. Burda əsasən rayonun fin evlərində yaşayan Laçın rayonundan olan məcburi köçkün ailələri məskunlaşacaq. Digər rayondan olan ailələri isə tikintisi davam edən həmin beşmərtəbəli binalarda yerləşdirəcəklər”.
Aytən ƏLİYEVA