Azərbaycanın tanınmış müğənnisi, “Göy göl” Dövlət Mahnı və Rəqs Ansamblının ilk solisti Rövşən Behçət uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Müğənniylə vida mərasimi bu gün Gəncə Dövlət Dram teatrında keçirilib.
Modern.az xəbər verir ki, mərasimə Gəncə şəhər İH başçısının birinci müavini İlham Əliyev və digər şəhər rəsmiləri qatılıblar.
R.Behcət 1945-ci il mart ayının 17-də Təbrizdə dünyaya gəlib.
Sənətkar 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.
İfaçılıq sahəsində şöhrət qazanan Rövşən Behcət 1969-cu ildə Fikrət Verdiyevin yaratdığı “Göygöl” xalq çalğı alətləri ansamblında çalışmağa başlayıb. Sənətkarın dünyasını dəyişməsi ailəsi ilə bərabər bütün Azərbaycan xalqını sarsıdıb. Azərbaycanı xarici ölkələrdə təmsil edən müğənni “Dilbər”, “Xatırla” kimi məşhur mahnıları ifa etməklə onlara öz möhürünü vurub.
Mərhum Gəncədə İmamzadə məzarlığında dəfn olunacaq.
Xaliq Qurbanov
Gəncə