Modern.az

«Gündəm Xəbər» qəzetinin təsisçisi ittihamlara cavab verdi

«Gündəm Xəbər» qəzetinin təsisçisi ittihamlara cavab verdi

Təhsil

19 Avqust 2011, 18:54

«Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri Baş Prokurorluğun onun barəsində cinayət işinin başlanmasl ilə bağlı yaydığı rəsmi məlumata cavab verib.

Modern.az-a açıqlamasında Ş.Cəfəri deyib ki, onların qəzetinə qarşı absurd ittihamlar irəli sürülüb və maliyyə işlərində vergidə yayınma halları olmayıb, amma Vergilər Nazirliyinin Vergi Auiditi Departamenti tərəfindən iki aya yaxındır ki, araşdırmalar aparılır.

“Bu araşdırmalar nəticəsində isə ortaya absurd və gülünc bir qənaət qoyulub. Belə ki, qəzetimizin bu ilin 16 may tarixindən gündəlik nəşr olunmasına baxmayaraq, vergi orqanlarının əməkdaşları son bir illik fəaliyyətimizin bütün dövrünə gündəlik nəşri şamil ediblər...

...Qeyd edim ki, «Gündəm Xəbər» qəzeti yalnız bu ilin 16 may tarixindən etibarən həftədə beş dəfə dərc edilməkdədlir. Lakin sonradan vergi orqanlarının əməkdaşları elan etdikləri tarixə qədər, yəni 2011-ci ilin may ayının 1-nə qədər olan dövrdəki dövrülüyü yox (yəni həftədə 2-3 dəfə), 2011-ci ilin 16 may tarixindən olan dövrülüyü (yəni həftədə 5 dəfə) əsas kimi götürərək bu dövrülüyü bütün ilə şamil etməklə yanaşı, «Azadlıq» qəzetinin bugünkü tirajı ilə (8 min nüsxə) «Gündəm Xəbər» qəzetinə astronomik həddə cərimə kəsib. Halbuki «Gündəm Xəbər» qəzeti nəşr olunduğu gündən maksimum tirajı 2000 nüsxə olub.

Bütün bunlarla bağlı bildirirəm ki, Vergi Auidi Departamentinin əməkdaşları qəzetimizə bir aylıq müddət tanıyıb və bu müddət ərzində biz onların çıxardığı sanksiyanın qanunsuz olduğunu sübuta yetirməliyik”.

Ş.Cəfəri deyib ki, «Gündəm Xəbər» qəzetinin redaksiya kollektivi sentyabr ayının 1-nə qədər məzuniyyətə çıxmaq məcburiyyətində qalıb və bu müddət ərzində üzləşdiyi ittihamdan müdafiə olunmaq məcburiyyətindədir.

Onun sözlərinə görə, «Gündəm Xəbər» qəzetinə qarşı olan basqılar siyasi mahiyyət daşıyır, siyasi sifarişin nəticəsidir. Təsisçi ölkə ictimaiyyətindən, hüquq-müdafiə təşkilatlarından, beynəlxalq təşkilatlardan dəstək istəyib.

Baş Prokurorluq bəyan edib ki, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində  vəsait vergidən yayındırılıb.

Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya  qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım