Tanınmışlar oğurluqla daha çox telekanalların məşğul olduğunu deyirlər...
Bir KİV-də yazılan məqalələrin heç bir istinad göstərilmədən başqa mətbu orqanda verilməsi, səsləndirilməsi artıq Azərbaycan mediasında adi hal alıb. O gün olmaz ki, media qurumlarının biri digərindən material götürüb özününkü kimi təqdim etməsin. Məqalələrin bu cür istinadsız verilməsi təkcə yazının deyil, eyni zamanda inetellektual zəhmətin mənimsənilməsidir, plagiatlıqdır.
APA-nın baş direktoru Vüsalə Mahirqızı istinadın bir mədəniyyət olduğunu deyir:
”İnsanların əşyalarının oğurlanması necə oğurluq sayılırsa, onların biliklərinin, zəhmətlərinin də mənimsənilməsi o cür oğurluqdur. Məncə oğurluqla məşğul olmaq olmaz. İnsanlar agentlik, televiziya və mətbuatda hər hansı xəbəri eşidib və ya görüblərsə, onsuz da onun birinci ünvanını bilirlər. Məsələn, çox vaxt bizim oxucularımız bizə müraciət edirlər ki, filan sayt sizin xəbərinizi oğurlayıb, niyə ona qarşı tədbir görmürsünüz? Deməli, adamlar bilirlər ki, bizim xəbərimizi hansısa televiziya, qəzet və ya sayt oğurlayıb. Adamlar bunu biləndə bizlik bir şey qalmır. Həmin oğurlayan oğru durumuna düşür. Buna görə mən hesab edirəm ki, belə şeylərlə məşğul olmaq olmaz. Bu birinci növbədə profesionallıq və etika məsələsidir”.
V.Mahirqızı işçilərini bu cür hallardan uzaq tutmaq üçün bir sıra tədbirlər həyata keçirdiyini qeyd edib: “Məsələn, müxbirlərimiz heç bir xəbər saytını öz otaqlarında açıb baxa bilmirlər.
Çünki bu bir az nəzarət olunası mümkün olmayan məsələdir. Əməkdaşdır otağında oturur, hansısa saytlara baxır, məlumatı götürür, tez hazırlayıb verir. Amma indiyə qədər əgər bizim hansısa materialda belə bir şey olubdusa və bunu kimsə mənə zəng edib irad bildiribsə, mən bunun araşdırılması ilə məşğul olmuşam və dərhal da həmin əməkdaşla bağlı tədbir görülüb”.
Agentlik rəhbəri digər mətbu orqanlar kimi onlarda da istinadsız xəbər götürmə hallarının olduğunu etiraf edib: “Bir-iki belə fakt təbii bizdə də olub. Mən onu araşdırmışam və həmin işçi ilə bağlı dərhal tədbir görmüşəm. Bu məsələ əsasən Kütləvi İnformasiya Vasitələrinin rəhbərliyindən qaynaqlanır. Biz bütün əməkdaşlarımızdan tələb edirik ki, əgər materialı hardansa götürüblərsə, ona istinad etsinlər. Çünki istinad olunanda biz heç kimə heç bir sanksiya tətbiq etmirik. Amma mənim aldığım dəqiq məlumata görə, bəzi media quruluşlarının rəhbərləri tələb edirlər ki, xəbəri götürün, ancaq agentliyə istinad etməyin və öz xəbəriniz kimi verin. Bu artıq prosesi stimullaşdırılmaqdır”.
Vüsalə Mahirqızı bu sahədə ən biabırçı vəziyyətin televiziyalda olduğunu vurğulayıb. Onun sözlərinə görə, televiziya jurnalsitləri gözləyirlər ki, agentlikdə nə vaxt yazı çıxacaq ki, onu götürüb oxusunlar: “Hətta bir sıra hallarda etik çərçivələri aşıb bizim əməkdaşlara deyirlər ki, “tez gedib xəbəri yazsaydınız, götürüb oxuyardıq”. Yəni bu gün televiziyalarda bu sahədə vəziyyət biabırçı həddədir. Sən yalan, yanlış yazsan da, heç bir dəqiqləşdirmə aparmadan xəbəri verirlər, oğurlayırlar, hətta getdikləri tədbirləri belə, agentliklərdən cümləbəcümlə oxuyurlar”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bir mətbu orqanın digərindən istinadsız material götürüb verməsini obyektiv və subyektiv səbəblərlə izah edir: “Qəzet agentlikdən məlumat alarkən onlar arasında müqavilə bağlanmalı və müqavilənin şərtlərinə əməl edilməlidir. Çox güman ki, qəzetlərin bir qrupu həmin agentliklərlə müqavilə bağlamırlar, hətta bəzi redaksiyalar müqavilə bağlasalar da, agentliklərin adlarını göstərmirlər”.
Bu cür halların mütəmadi olaraq mediada müşahidə olunduğunu vurğulayan Əflatun Amaşov Mətbuat Şurasına son illərdə bununla bağlı bir neçə şikayət daxil olduğunu da gizlətmir: “Daxil olan şikayətlərlə yanaşı, Mətbuat Şurasının özü monitorinq aparır və monitorinqlərdə də bu sayaq hallara rast gəlinir. Hətta biz bir neçə dəfə Mətbuat Şurasında keçirilən tədbirlərdə də bu məsələni müzakirə etmişik. Əlbəttə bu çox aktual və hazırda mövcud olan problemlərlə bağlı olan məsələdir. Ona görə də bu problemi həll etmək vacibdir”.
Mətbuat Şurasının sədri istinadsız materialların verilməsi ilə bağlı şikayətlərin son illər azaldığını deyir. O bunu bu cür məsələlərin müzakirə olunması, eyni zamanda agentliklər və internet portalları tərəfindən gündəmə gətirilməsi və öz hüquqlarını müdafiə etməsi istiqamətində gördüyü müəyyən tədbirlərlə əlaqələndirir.
Tanınmış telejurnalist, media eksperti Qulu Məhərrəmli köçürmələrin jurnalistikaya geniş nüfuz etməsini biabırçılıq adlandırır. O, bu prosesinin təxminən 5-6 ildir ki, müşahidə olunduğunu deyir. Ekspertin sözlərinə görə, materialların istinadsız verilməsinin səbəbi şübhəsiz jurnalsitlərə tələbin azalmasıdır:
“Yəni heç bir məsuliyyət hiss etmədən o plagiatlıqla materaiları götürür. Hətta elə jurnalsitlər var ki, oğurladıqları yazıları müsabiqələrə də təqdim edirlər. Bu çox böyük həyasızlıqdır. Ümumiyyətlə, bu, bizim mətbuatımızda etik qaydalara əməl olunmaması, mətbuatın “vidsiz” sahəyə çevrilməsi, məsuliyyətsiz adamların qəzetlərə yiyələnməsi və qəzetlərə çoxlu sayda bu cür məsuliyyətsiz, gördüyü işi anlamayanların gəlməsidir”.
Q.Məhərrəmli hesab edir ki, materialların istinadsız təqdim olunmasının mənfi təsiri olur və jurnalist camiəsində çox pis qiymətləndirilir: “İkincisi, gənc jurnalsitlərin psixologiyasına, davranış tərzinə, düşüncəsinə pis təsir edir. Bunlar yol verilən hal deyil, imkan daxilində bunları ifşa etmək və pisləmək lazımdır”.
Qulu Məhərrəmli də bu cür halların daha çox televiziyalarda müşahidə olunduğunu vurğulayır: “Məlumat qaynaqları çox geniş olduğuna görə təbii ki, informasiya agentlikləri daha çox işləyə bilirlər və onların informasiya həssaslığı daha yüksəkdir. Qəzetlər, agentliklər, televiziyalar hər yerdə informasiya axtarırlar. Ancaq informasiya üçün önəmli olan operativlikdir. Bunu kim tez görürsə, duyursa, mənbə göstərmək şərti ilə deməlidr. Amma çox təəssüf ki, bizdə xüsusən televiziyalar mənbələri çox vaxt göstərmirlər. Ancaq ümumi şəkildə “aldığımız məlumata görə” deyə təqdim edirlər. Amma mənbələr göstərilməlidir, xüsusən o xəbərlər ki, onların mənbəyi mütləq deyilməldir”.
Media eksperti bu cəhətdən seçilən və hər zaman qaynaqlarla işləməyi bacaran qəzetlərin də adlarını açıqlayıb: “Bu cəhətdən “Ayna-Zerkalo”, “525-ci qəzet” informasiya qaynaqları ilə normal işləyə bilirlər. Xüsusən bu, “Ayna-Zerkalo”da daha çox müşahidə olunur. Onlar hətta analitik yazılarda da qaynaqları göstərirlər. Biz bir-birimizə, həmkarlarımıza, xəbər toplayanda əziyyət çəkən jurnalistlərin əməyinə hörmət etməliyik. Bu bizim peşə borcumuzdur”.
Aytən ƏLIYEVA