Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlətquruculuğu prosesində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev ölkənin müstəqilliyinin bərpa olunması milli, birliyinin qorunub saxlanılmasında və xalqın məhvolma təhlükəsindən xilas edilməsində qurtuluş missiyasını həyata keçirmişdir. Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizə, respublikanın ağır faciələrdən, siyasiiqtisadi və mənəvi-psixoloji böhranlardan qurtuluşu müxtəlif mərhələlərdən keçmişdir. 1980-ci ilin sonlarında postsovet məkanında və dünyada, keçmiş sosializm dövlətlərində yaşanan böhran şəraiti bir çox digər xalqlar kimi Azərbaycan xalqının da çoxəsirlik müstəqil dövlətçilik ideyalarının reallığa çevrilməsi üçün tarixi şans yaratdı. Lakin, belə əlverişli şəraitdə Azərbaycan bir çox obyektiv və subyektiv çətinliklərlə üzləşdi. Bu dövrdə Azərbaycan xalqının əsl xilaskarı və rəhbəri Ulu Öndər Heydər Əliyev tərəfindən idarə olunmasına zərurət yarandı. Xalq Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışını tələb edir və buna nail olurlar. 1993-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Sədri Heydər Əliyev Bakıya dəvət aldıqdan sonra, həmin ilin iyun ayının 15-də keçirilən iclasda Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Parlamentdəki ilk çıxışında Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi qarşıda dayanan bir çox vəzifələr haqqında danışdı. Bu vəzifələr sırasında dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, işğal olunmuş torpaqların azad edilməsi, ölkədə demokratik inkişaf və siyasi plüralizmə nail olunması, dövlət quruculuğu prosesində demokratik prinsiplərin və qanunçuluğun təmin edilməsi kimi məsələləri xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasına Prezidentliyi dövründə qeyd olunan prinsiplərə uyğun demokratik dəyərlərin bərqərar olunması kimi missiyanı uğurla icra etmişdir. Və ölkəyə rəhbərliyi dövründə Ulu Öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, demokratik dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycan Respublikasına rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin - amanlıq şəraiti yaratmış, daha sonra isə Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyat keçirmişdir. Ulu Öndər Heydər Əliyevin ölkədə həyata keçirdiyi çoxşaxəli milli dövlət quruculuğu işləri Azərbaycanın qazandığı uğurların konseptual əsasını təşkil etmişdir. Ümummilli lider, görkəmli dövlət xadimi, əvəzolunmaz tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi və gərgin əməyi sayəsində hazırlanmış yeni Konstitusiya çoxəsirlik dövlətçilik ənənələrimizə və qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də özündə əks etdirərək ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunu, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına güclü təkan verdi.
Qeyd etmək lazımdır ki, cəmiyyətdə siyasi və ictimai sabitliyin, ümumi razılığın, hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar müasir dövlətlərin hüquq sistemində mühüm yer tutur.
Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi kimi Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplərə uyğun idarə olunmasını təmin etmiş, dünya standartlarına əsaslanan hüquq normalarını və qanunvericilik bazasını yaradaraq onu daha da möhkəmləndirmişdir. Ulu Öndər Heydər Əliyevin 60-cı illərin sonlarından başlayaraq ölkəmizə rəhbərliyi dövründən etibarən cəmiyyətdə qanunun aliliyinin bərqərar olunması üçün qətiyyətli mövqeyi ilə böyük nüfuz sahibi olmuşdur.
Azərbaycanın əsas atributlarından biri olan prokurorluq orqanı məhz Ulu Öndər Heydər Əliyevin zəhməti ilə formalaşaraq bu gün beynəlxalq səviyyədə dünya ölkələrinin hüquq-mühafizə sisteminə inteqrasiya olunmuş, mötəbər tədbirlərdə təmsil olunur.
Heydər Əliyev Azərbyacanın Prokurorluq orqanlarının fəaliyyətinə qiymət verərək qeyd etmişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbyacanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbyacanda prokurorluq orqanları on illər ərzində təşkil olumnuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır.” Ulu Öndər Heydər Əliyevin prokurorluq orqanlarının fəaliyyətinə verdiyi dəyər bu orqanda xidmət göstərən kadrların məsuliyyətini daha da artırmışdır. Xidməti fəaliyyətin və bu orqanda aparılan məqsədyönlü islahatların nəticəsi olaraq son on beş ildə Azərbaycanda milli prokurorluq orqanları qanunçuluğun aliliyini təmin edən mükəmməl bir dövlət təsisatı kimi yenidən formalaşaraq inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, hüquq-mühafizə sistemi inkişaf edərək möhkəmlənmiş, hüquqi baxımdan qanunun aliliyi daim üstün tutulur. Azad, müstəqil dövlətdə yaşamaq xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Ümummilli lider Heydər Əliyev tariximizdə özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaradaraq ona əbədiyaşamaq hüququ verdi. Əgər xalqımızın Heydər Əliyev kimi dahi lideri olmasaydı, təbii ki, müstəqil, azad bir dövlətdə yaşamaq da xəyaldan başqa bir şey olmazdı. Qismən aramızda yoxluğuna alışa bilmədiyimiz Ulu Öndər elə bir zirvədə qərar tutub ki, həmin zirvədən Azərbaycan adlı canından artıq sevdiyi məmləkəti özünün nuruna boyayıb, gələcəyə uzanan yollarını işığa qərq edir. Bu ömrün hər günü xalqa, millətə, dövlətə xidmət etməsinin müqayisəyəgəlməz nümunəsidir.
Adı Azərbaycan tarixinə dahi xilaskar və böyük qururcu kimi həkk edilən Ulu Öndər Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyyələri müasir cəmiyyətimizin inkişafına nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbərlik amilidir. Və bu baxımdan Heydər Əliyevin ideyalarından güc alan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim hiss edən Azərbaycan Respublikasının Prokurorluq orqanlarının hər bir əməkdaşı cinayətkarlıqla mübarizədə, qanunvericiliyin təmin olunmasında, bütövlükdə dövlətimizin maraqlarının qorunmasında hüquqi prinsipiallığa əsaslanaraq vəzifələrinin layiqincə yerinə yetirilməsində məsuldur.
Suraxanı rayon prokurorluğunun müstəntiqi,
I dərəcəli hüquqşünas
Arzu İsgəndərov