Liviyada 42 illik Müəmmər Qəddafi dövrü həqiqətən sona çatdı. Modern.az CNNTürk-ə istinadən bildirir ki, ötən gecə üsyançılar paytaxt Tripolini ələ keçiriblər və bunun ardından yüz minlərlə adam küçələrə çıxıb. Müəmmər Qəddafinin 3 oğlu üsyançılar tərəfindən həbs olunub. Hər yerdə axtarılan Qəddafinin Venesuelada ola biləcəyi ehtimal olunur.
Gözlənilənlərin əksinə olaraq üsyançılar Qəddafi tərəfdarlarının ciddi müqavimətilə rastlaşmadan paytaxta daxil olublar.
Üsyançılar Qəddafinin paytaxtda bütün idarələri ələ keçiriblər. Eyni zamanda dövlət televiziyası və radiosu artıq üsyançıların əlindədir.
Tripolinin Yaşıl Meydanında yüz minlərlə adam toplaşıb və sevinc nümayişi keçirilir. Qəddafinin portretləri, yaşıl rəngli Liviya bayraqları da nümayişçilərin hirsinin hədəfi olub. Posterler və bayraqlar, üzərinə atəş açılaraq cırılıb, əvəzində üsyançıların üç rəngli bayrağı asılıb.
Modern.az