Parlamentdə qəbul edilən qanunlarla bağlı keçirilən ictimai müzakirələrin sayı artırılmalıdır. Bu fikir “Parlamentin vətəndaş cəmiyyəti ilə münasibətlərində medianın rolu” mövzusuna həsr olunmuş toplantıda səslənib. Parlament Jurnalistlər Birliyi və Konstitusiya Araşdırmaları Fondunun birgə təşkilatçılığı ilə baş tutan dəyirmi masada üçüncü sektor və dördüncü hakimiyyət arasındakı münasibətləri müzakirə olunub.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev əksər deputatların QHT-lərlə əlaqəli fəaliyyətə həvəsli olmadığını söyləyib. Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı qeyd edib ki, parlamentin işinin təhlil edilməsinə önəmli rol oynayan üçüncü sektor da adətən bu məsələdə passivlik göstərir. Bu baxımdan, vətəndaş cəmiyyəti ilə media münasibətlərinin möhkəmləndirilməsinə də ehtiyac var.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deputatların əksəriyyətinin köməkçi sisteminin effektiv işləmədiyini bildirib.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov təmsil etdiyi təşkilatın qanunvericilik sahəsində bir çox önəmli tədbirlər keçirdiyini, amma medianın bu tədbirlərdən məlumatsız qaldığını söyləyib.
Tədbir iştirakçıları qeyd ediblər ki, adətən QHT-lər qanunların qəbulu prosesinə cəlb edilmirlər. Yalnız bir neçə komitə ara-sıra qanun layihələrinin ictimai müzakirəsini təşkil edir. Halbuki, belə müzakirələrin sayının artırılması layihələrin daha təkmil hazırlanmasına gətirib çıxara bilər.
Qeyd edək ki, bu tədbir PJB-nin həyata keçirdiyi “Parlament cəmiyyət münasibətlərin gücləndirilməsində İnternet medianın rolu” layihəsi çərçivəsində baş tutub. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan bu layihə çərçivəsində deputatlar və jurnalistlər arasında sorğu keçirilib. Həmçinin, Modern.az saytında parlamentin və millət vəkillərinin fəaliyyəti ilə əlaqədar xeyli maraqlı materiallar yer alıb. Dörd ay dava edən layihə boyunca parlament və cəmiyyət əlaqələrində medianın rolunun gücləndirilməsinə həsr olunmuş debatlar, müxtəlif fokus qrupları ilə görüşlər təşkil olunub.
Modern.az