Modern.az

Baş redaktorun evi qarət olunub: "Olan-qalanımızı aparıblar"

Baş redaktorun evi qarət olunub: "Olan-qalanımızı aparıblar"

Təhsil

22 Avqust 2011, 13:38

"Bizim söz" qəzetinin baş redaktoru, şair Ələmdar Cabbarlının evi qarət olunub.
Ə.Cabbarlı Modern.az saytına açıqlamasında bildirib ki, hadisə avqustun 18-dən 19-na keçən gecə baş verib.  Müsahibimin sözlərinə görə, Xətai rayonu, Zığ şossesi, Naximov küçəsində yerləşən evinin qapısı dəmir alətlərlə sındırılıb və həmin alətlər onun evinin içində  qalıb.

Hadisə Ə.Cabbarlının evdə olmadığı vaxt törədilib.

“Anam xəstə olduğundan bacımgildə qalır, həmin gecə onun vəziyyəti ağır olduğundan mən də gecəni onlarda keçirdim. Səhər evə gələndə mənzilin qarət olunduğunu gördüm. Olan-qalanımızı aparıblar”.

Ə.Cabbarlının sözlərinə görə, oğrular evdən 5000 manat məbləğində pulla yanaşı, şairin içərisində dissertasiya işi, elmi məqalələri, mühazirə mətnləri və kitabının əlyazmaları olan kompüteri aparıblar.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat verilib. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177)  maddəsi ilə cinayət işi başlanıb.

Ə.Cabbarlının sözlərinə görə, polislər gəlib hadisə yerinə baxış keçiriblər, araşdırma aparırlar. Onu bu gün Polis bölməsinə dəvət ediblər.

Ə.Cabbarlı əslən Kəlbəcər rayonundandır. Onun buraxdığı "Bizim söz" ədəbi-bədii qəzetdir.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım